Azərbaycanda illik inflyasiya Ermənistandan daha yüksəkdir

İQTİSADİYYAT bölməsi

16:06 - 11 Aprel 2022

 Azərbaycanda illik inflyasiya Ermənistandan daha yüksəkdir

Azərbaycanda  rəsmi rəqəmlərdə ərzaq inflyasiyası ikirəqəmli olsa da, ümumi inflyasiya təqribən 9% civarındadır. Reallıqda isə ərzaq inflyasiyası daha yüksəkdir. Gündəlik həyatımızda  da qiymət artımının əyani şahidi oluruq. Dünya Bankının hesablamaları isə daha aşağı konservativ hesablamalardır. Yəni, daha aşağı göstəricilər üzrədir.

Bu sözləri Yenipress.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Nəzərə almaq lazımdır ki, dünyada ərzaq indeksi il başlayandan təqribən 20% artıb. Azərbaycan dünyadan ərzaq məsələsində kifayət qədər asılıdır. Əsasən də buğda və bitki yağlarında çox böyük asılılıq var. Nəticə etibarı ilə qiymət artımı daha yüksək olacaq və Dünya Bankının daha konservativ yanaşması özünü doğrultmayacaq. Bu il isə ikirəqəmli inflyasiyanın olması ehtimalı daha yüksəkdir”, - N.Cəfərli bildirib.

O qeyd edib ki, Qafqaz dövlətləri arasında Azərbaycanda daha çox inflyasiya olmasının iki səbəbi var:

“Birinci səbəb ərzaq və bir çox məhsul növləri üzrə daha çox asılılığın olmasıdır. Baş verən proseslər istər-istəməz Azərbaycana təsir göstərir. İkincisi isə Azərbaycanda son vaxtlar sosial ödənişlərin həcminin artmasıdır. Yəni dövriyyəyə daha çox manat daxil olur və inflyasiya proseslərini sürətləndirən amilə çevrilir”, - ekspert bildirib.  

Sayalı Abasova

Xəbər xətti