2021-ci ildə ölkəyə idxal olunun bəzi yeyinti məhsullarının statistikası:
- Buğda, 1 mln. 148 min ton, dəyəri - 332 mln. dollar,
- Qarğıdalı, 30 min 884 ton, dəyəri - 11 mln. 852 min dollar,
- Arpa, 15 min 699 ton, dəyəri – 3 mln. 871 min dollar,
- Kərə yağı, 15 min 34 ton, dəyəri – 78 mln. 789 min dollar,
- Birki mənşəli yağlar, 155 min 607 ton, dəyəri – 221 mln. 847 min dollar.
Bu məhsul növlərini xüsusi seçdim, indi səbəbi izah edim:
Buğda, qarğıdalı və arpanın 907 min tonunu Rusiyadan almışıq, yəni, bu 3 növ məhsuldan ümumən ölkəyə 1 mln. 194 min ton gətirilib, bunun 907 min tonu Rusiyanın payına, 287 min 583 tonu isə digər ölkələrin, əsas da Ukraynanın payına düşürdü. İndi Ukraynadan ixrac tamamən dayanıb, Rusiya isə özü dənli bitkilərin, əsas da buğdanın ixracına sentyabra qədər qadağa qoyub.
Gələk bitgi yağlarına: keçən il 156 min tona və 222 mln dollara yaxın ölkəyə bitki yağı gətirilib, bu yağların 90%-ə yaxını Ukrayna və Rusiyadan ölkəmizə idxal olunub.
Hə, birdən yerli markaların mağazalarda qablaşdırılmış, şüşələrə doldurulmuş yağlarını görüb elə bilərsiniz ki, bizim istehsaldı, elə deyil, o qabların içində olan yağ xaricdən alınır, burada qablaşdırılır, hətta qabları, qapaqları belə xaricdən gətirilir, o yağlarda yerli olan plastik qabın qapağa qədər boş olan hissəsində qalan havadır – qalan hər şey xaricdən gətirilir.
Hökumətə sual – hörmətli qalstuklu müəllimlər, Rusiyanın Ukraynaya təcavüzü bütün logistik xətləri qırıb, Ukraynada istehsal dayanıb, Rusiya isə özü ixraca qadağalar qoyub, bəs sizin B, C planınız varmı?! Niyə hələ də “böhran masası” qurulmayıb?! Yoxsa hər dəfə səhər işə gələndə neftin 100-110 dollar olduğunu görüb rahatlaşırsız, əliniz-qolunuz üyüşür, “əşi, pulumuz var da, alarıq”, deyirsiniz?! Bəs anlamırsınız, artıq elə bir dünyada yaşayırıq ki, pulun olması azdır, fiziki olaraq məhsul çatışmazlığı ola bilər, bu haqda nəsə düşünürsünüzmü?! Əgər Rusiyanın təcavüzü aylarla davam etsə, dünyada və bölgəmizdə ciddi ərzaq qıtlığı ola bilər, sizlər hər səhər kürü ilə kofe içirsiniz deyə, bəlkə də bu təhlükəni hiss etmirsiniz, amma deyim biləsiz – ayılın, yeni dünyaya uyğunlaşın, təhdidləri və çağırışları görün, neftin baha qoxusundan məst olmayın.
Natiq Cəfərli