Məşhur ifadədə deyildiyi kimi, “tarix iki dəfə təkrar olur - bir dəfə faciə, bir dəfə də komediya şəklində” – indi yaşadıqlarımız sübut edir ki, ikinci dəfə komediya kimi deyil də, tragikomodeya şəklində təkrarlanır.
Bu gün Putin çıxış edib, sitatlar: “Qərb bizi parçalamaq, zəif və asılı ölkəyə çevirmək istəyir”, “Bəli, indi əsas hədəf ölkənin içində olan “5-ci kolon” olmalıdır, çünki düşmənlər onlara güvənir”, “Ölkədə pul qazanıb Qərbdə yaşayanlar qul təfəkkürü ilə düşünürlər, söhbət heç də fiziki olaraq Qərbdə olanlardan yox, həm də ölkədə olan, düşüncə olaraq, fikirlərində Qərbli olanlardan gedir”, “Rusiya xalqı həmişə vətənpərvərləri satqınlardan ayıra bilir”, “İndi ölkəni və cəmiyyəti satqınlardan təmizlənmə zamanıdır”, “Satqınlardan təmizlənmiş Rusiya daha güclü olacaq”.
Bu sitatları uzada da bilərdim, amma ehtiyac yoxdur, bu tezislər ötən əsrin 20-ci illərində Almaniya pivəxanalarında balacaboy birisinin, sonradan Dünyanı qana boğan, faciələrə yol açan adamın dedikləri ilə mahiyyət olaraq eynidir, sankı bu günə həmin pivəxanalardan gələn əks-sədadır və bu artıq faciədir...
Natiq Cəfərli