Müharibənin 10-cu günü: Rusiya taktikanı dəyişir və daha 1000 muzdlu cəlb edir

DÜNYA bölməsi

12:16 - 5 Mart 2022

 Müharibənin 10-cu günü: Rusiya taktikanı dəyişir və daha 1000 muzdlu cəlb edir

ABŞ və NATO-nun səlahiyyətli şəxsi bu həftə Rusiyanın Ukraynaya hücum taktikasını dəyişdirdiyini qeydə alıblar.

Yenipress.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda CNN yüksək rütbəli kəşfiyyat mənbələrinə istinadən bildirir.

Həmin mənbələr deyiblər ki, Rusiya indi Ukraynanın şəhərlərini “Kiyevi tabe etdirənə qədər” bombardman edib dağıtmağa hazırlaşır. Bu isə mülki əhali arasında böyük itkilərə gətirib çıxara bilər. Kəşfiyyat rəsmisi bu yanaşmanı “qaba” adlandırıb. Əlavə edib ki, Rusiya rəhbərliyi və prezident Putin üçün insan həyatının önəmi yoxdur. “Rusiya rəhbərliyi və prezident Vladimir Putinlə ünsiyyət təcrübəmə əsasən deyə bilərəm ki, insan həyatına hörmət olunmasından söhbət gedəndə onların tamam başqa standartları var”, - mənbə bildirib.

CNN-ə danışan mənbələr deyiblər ki, Rusiya ordusu dağıdıcı silahların tətbiqini genişləndirir. Və bu silahlardan necə gəldi atəş açır. “Deməli qurbanların da sayı artacaq”, - onlar bildiriblər.

Digər amerikalı məmur isə bildirib ki, Rusiya yaxın günlərdə Ukraynaya daha 1000 muzdlu göndərməyə hazırlaşır. Onlar ağır itkilər verən və geri çəkilən Rusiya qoşunları üçün dəstək olacaq. “ABŞ hesab edir ki, Ukraynaya yeridilən muzdlular pis döyüşüblər, ukraynalıların gözlənilən daha sərt müqaviməti ilə qarşılaşıblar və onlardan 200-dən çoxu artıq məhv edilib”, - mənbə deyib.

Pentaqonda isə Ukraynanın hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın bu cür genişmiqyaslı raket zərbələrinə baxmayaraq döyüş qabiliyyətini saxlamasından heyrətə gəldiklərini deyiblər. ABŞ Müdafiə Nazirliyindəki mənbə “Reuters”ə bildirib ki, Rusiyanın planına hücumun ilk saatlarında Ukraynanın Hərbi Hava Qüvvələrinin tam, yaxud demək olar ki, tam məhv etmək daxil idi. Lakin döyüş əməliyyatlarının 9 günü arxada qalsa da Ukrayna Hərbi Hava Qüvvələri hələ də döyüş qabiliyyətini saxlayır. O cümlədən təyyarələr, vertolyotlar, pilotsuz aviasiya və hava hücumundan müdafiə sistemləri işləyir.

Pentaqon mütəxəssisləri bundan təəcübləndiklərini gizlətmirlər, çünki Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Hərbii Hava Qüvvələri ilə müqayisə olunmayacaq dərəcədə güclüdür.

Xatırladaq ki, hər gün Ukraynanın hərbi hava və hava hücumundan müdafiə qüvvələri Rusiyanın döyüş təyyarələrini və vertolyotlarını vurur. İndiyədək 40-dan çox müxtəlif tipli döyüş təyyarəsi və onlarla vertolyotun məhv edildiyi məlumdur.

Xəbər xətti