Rusiya daxildən bu cür çökür

GÜNDƏM bölməsi

16:22 - 4 Mart 2022

 Rusiya daxildən bu cür çökür

Rəsmi Moskva haqsız və hüquqsuz davrandıqca, illərdir qurduğu “hekayələr” dağıldlqca daha çox sərtləşir-sərtləşəcək – absurd qanunlar, qadağalar artacaq, vətəndaşların hüquqları daha da məhdudlaşdırılacaq, biznesin günü qara olacaq. Bütün bu addımlar, təbii ki, zamanla Rusiya vətəndaşlarında qıcıq, etiraz doğuracaq. Kremlin bu gün dayağı 50+ yaş qrupuna aid vətəndaşlardır, gənclər başqa mühitdə böyüyüb, nəsil dəyişib, Putin və komandası bunu anlamır, görmür, hesablaya bilmir, hətta Moskvanın təlxək təbliğatçıları bu məsələdən dad edir, problemi görür, amma dərk etmirlər.

Yenipress.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli deyib.

“Ölkələrdə dəyişiklikləri əvvəldən kasıb yaşayan, aztəminatlı təbəqə etmir, dəyişikliklərin “trigger”i həmişə əvvəl yaxşı yaşayan, belə həyata, müxtəlif azadlıqlardan istifadə etməyə (məsələn, səyahət azadlığı, bank köçürmələri azadlığı və s.) öyrəşən, sonra bütün üstünlüklərdən məhrum olan, kasıblaşan təbəqə olur. Rusiyada indi məhz bu baş verir: İnsanlar, orta sinif sürətlə kasıblaşacaq, İnternetdən istifadəyə öyrəşən kəsimdə getdikcə daha çox rəsmi təbliğata nifrət yaranacaq – İnternet olmadan, total nəzarət sistemi, diktatura olan SSRİ-də belə rəsmi təbliğatla reallıq arasında fərqi insanlar görürdü, “mətbəx söhbətləri” və siyasi lətifələr internetsiz belə sovetin hekayəsini dağıdırdı. İndiki dövrdə, 21-ci əsrdə Kremlin absurd təbliğat maşını, dili, üslubu həmən nifrət, tam “koqnitiv dissonans” yaradır.

Yəni, tarix, təbiət qanunları, həyatın özü Kremlin əsas dayağı olan 50+ əhaliyə qarşı işləyir, hətta indi heç nə baş verməsə də, tarixi perspektivdə nəsil dəyişimi Rusiyanı da dəyişəcək – bu mütləq baş verəcək. Avtoritar liderlerin ən zəif nöqtəsi məhz nəsil dəyişimini anlamamaqdır – bu məsələdə, demək olar ki, hamısı sinifdə qalıb-qalacaqlar...”

Xəbər xətti