Rusiya dözməyəcək, Putin gedəcək - Zülfüqarovun şərhi

SİYASƏT bölməsi

12:55 - 4 Mart 2022

 Rusiya dözməyəcək, Putin gedəcək - Zülfüqarovun şərhi

İndi əsas proseslər Rusiyanın daxilində gedəcək, iqtisadi böhran siyasi böhrana gətirib çıxaracaq.

Yenipress.az xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfiqarov qeyd edib.

O, Rusiya-Ukrayna müharibəsində Qərb ölkələrinin yanaşmasını və nüvə müharibəsinin mümkün olub-olmadığını qiymətləndirib:

“Rusiya prezidentinin bəyanatında bildirildi ki, nüvə silahının tətbiqində yeni rejim yaradılacaq. Bu bir az təbliğata yönəlmiş bəyanatdır. Bu cür silahlar strateji müdafiəyə əsaslanır. O silahlar həmişə ən yüksək hazırlıq vəziyyətində saxlanılır. Yəni, burada yeni bir şey yoxdur. İkincisi, bu gün Qərb ona yönəlib ki, müharibədə NATO ölkələri, xüsusilə də, ABŞ birbaşa iştirak etməsin. Kömək etməsi mümkündür, amma birbaşa iştirak etməsi Rusiya tərəfindən bu şəkildə reaksiyaya səbəb olub. İndi yenə də çağırışlar səslənir ki, uçuşlar qadağan olunsun və “non flight” zonası yaradılsın. Ukrayna tərəfi bir neçə beynəlxalq tədbirlərdə bu fikri səsləndirib. Bu baxımdan C.Baydenin çıxışını yada salsaq, o dedi ki, "biz iqtisadi üsulları, sanksiyaları tətbiq edərkən Rusiyanı çökdürəcəyik, amma bizim qoşunlarımız proseslərdə iştirak etməyəcək". Bu artıq hansısa razılaşmanın əldə olunduğunu göstərir. O ki qaldı nüvə silahlarının istifadəsinə, yaxud nüvə müharibəsinin başlanması məsələsinə, bu cür qarşıdurma Sovet İttifaqında “Soyuq müharibə” dövründə də baş vermişdi. Amma onun axırı gəlib nüvə müharibəsinə çıxmamışdı. Hesab edirəm ki, bu müharibəni III Dünya Müharibəsi kimi yox, “Soyuq müharibə” kimi qiymətləndirmək olar”.

Politoloq Rusiyaya qarşı olan sanksiyaların ölkə rəhbərinin istefasına gətirəcəyini bildirib:

“Heç kim gözləmirdi ki, müharibə başlayacaq. Birləşmiş Millətlər Təşkilatının katibi də bunu qeyd etmişdi. Çünki müharibənin başlanması ilk növbədə Rusiya üçün ziyanlı olacaq. Göründüyü kimi artıq böhranın əsas yeri və mərkəzi Rusiya tərəfə keçib. Bütün təşkilatlar birmənalı olaraq Rusiyanı izoliyasiya ediblər. Qətnamənin qəbul olunmasına baxsaq görərik ki, Rusiyanı dəstəkləyən cəmi 5 ölkə var. İndi əsas proseslər Rusiyanın daxilində gedəcək, iqtisadi böhran siyasi böhrana çevriləcək”.

Keçmiş nazir bildirib ki, prosesləri dayandırmaq üçün Rusiya rəhbərliyində dəyişikliklər olmalıdır:

“Mən daha öncə də qeyd etmişdim ki, bu məsələləri artıq Putin dövrünün bitməsi kimi qiymətləndirmək lazımdır. Ya kütləvi insanların etirazı nəticəsində, ya da siyasi elitanın daxilində qərar qəbul olunaraq o istefaya getməli və yeni sima hakimiyyətə gəlməldir. Kəskin şəkildə hakimiyyət siyasəti dəyişməlidir. Mən istisna etmirəm ki, Putin bir gün B.Yeltsin kimi çıxıb deyəcək ki, mən istefa verirəm. Rusiyada artıq tibbi avadanlıqlar, ərzaq məhsulları bitmək üzrədir. Onlar yığdığı valyuta fondunun cəmi 15%-ni istifadə edə bilərlər. Rusiya heç kəslə alver edə bilməz. Hansısa ölkə ilə maliyyə əməliyyatı aparsa, həmin ölkə də avtomatik olaraq sanksiyalara məruz qalacaq. Bu baxımdan Rusiya rəhbərinin bu məsələdə geri çəkilməsi məntiqli olacaq”.

T.Zülfiqarov sonda Rusiyadan azərbaycanlı soydaşlarımızın vətənə qayıtması ilə bağlı olan məsələyə də toxunub.

“Rusiyadan vətənə qayıdan soydaşlarımızın statusları 2 cürdür:

Azərbaycan vətəndaşlığını saxlayan və Rusiya vətəndaşlığını qəbul etmiş soydaşlarımız. Onlar təbii ki, hər biri azərbaycanlıdır, amma hüquqi baxımdan bir fərq olacaq. Eyni zamanda onların kütləvi şəkildə geri dönməsi böhranın bir göstəricisidir. Bu böhranın uzun çəkəcəyini düşünmürəm. Hesab edirəm ki, Putin istefası kimi məsələlər qısa müddətdə baş verəcək. Uzunmüddətli qarşıdurmaya Rusiya hazır deyil”,- deyə o fikirlərini tamamlayıb.

Xəbər xətti