Təbrizin abidələri məhv edilir: Ərk qalasına növbəti qəsd

GÜNDƏM bölməsi

11:14 - 6 Dekabr 2023

 Təbrizin abidələri məhv edilir: Ərk qalasına növbəti qəsd

1316–1335 illər arası inşa edilən və Təbrizin simvolu hesab olunan tarixi Ərk qalası növbəti dəfə dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Yenipress.az xəbər verir ki, bu barədə Təbriz Şəhər Şurasının üzvü Ruhullah Rəşidi xəbərdarlıq edib.

Onun sözlərinə görə, tarixi abidənin cənub hissəsində yeraltı avtomobil parkının inşasına qərar verilib.

“Tikintisi nəzərdə tutulan 200 avtomobillik yeraltı parkinq şəhərin trafik probleminin həllinə heç bir müsbət təsir göstərməyəcək. Bu, yalnız xüsusi bir qrupun istifadəsi üçün inşa edilir”, - Rəşidi bildirib.

Sözügedən tikintinin planlaşdırılması ilə abidənin təhlükə ilə üz-üzə qalması mollaların hakimiyyətə gəlməsindən sonra Ərk qalasına qarşı ikinci qəsd sayılır.

Bundan əvvəl 1981-ci ildə cümə namazı mərasimlərinin icrası üçün Ərkin çox hissəsi partlayıcı maddələr və bulduzerlər vasitəsilə dağıdılıb.

1990–2000-ci illərdə isə İran Mədəni İrs Təşkilatı tərəfindən reabilitasiya və yenilənmə layihəsi həyata keçirilib. Ancaq bu reabilitasiya zamanı Qacar dövründən qalan bütün qalıqlar strukturdan çıxarılıb.

Həmin dövrdə Ərk qalasının yanında yeni böyük məscid tikilib. Yeni məscidin üst quruluşu Ərk qalasının memarlığına xələl gətirib. Bu tikinti Ərkin yer altındakı qədimi əsaslarını da tamamilə məhv edib.

Bütün bu qeyd edilənlərə, tarixi abidələrin qorunma və bərpa qaydalarının pozulmasına görə tarixi abidə UNUSKO tərəfindən qeydiyyata alınmayıb.

Xəbər xətti