Türkiyədə lirə niyə ucuzlaşır? - Ekspert

İQTİSADİYYAT bölməsi

15:33 - 24 Noyabr 2023

 Türkiyədə lirə niyə ucuzlaşır? - Ekspert

Dollar dünyada ucuzlaşdığı təqdirdə, Türkiyədə bahalaşır. Mərkəzi Bank faiz dərəcələrini yüksəltməklə real faizləri hazırki mənfi səviyyədən müsbətə yüksəltməyi planlaşdırır, bununla inflyasiyanın da müəyyən ölçüdə azaldacağını düşünür.

Bu sözləri Yenipress.az-a iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Türkiyədə uçot dərəcəsinin son iki ayda bir neçə dəfə artırılmasının zəruriliyi barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu cür tədbirlər iqtisadi artım üçün mənfi təsirlər yaratsa da, indiki halda qaçılmazdır:

Türkiyədə yüksək inflyasiya var. İnflyasiya səviyyəsi faiz dərəcələrindən xeyli yüksəkdir. Belə olduğu təqdirdə də daxili və xarici investorların öz vəsaitlərini Türkiyənin maliyyə sektoruna yatırmaları mənasızlaşır. Yəni yatırımdan gələn faiz gəlirləri inflyasiya səviyyəsinin xeyli altında qalır. Belə olanda da insanlar daha etibarlı yığım vasitəsi kimi dollara və qızıla yönəlirlər. İndiki şəraitdə xarici investorlar da Türkiyənin maliyyə sektoruna investisiya qoymaqda maraqlı olmurlar. Ancaq nəzərə almaq lazımdır ki, monetar siyasət sərtləşdikcə, real sektorun investisiya xərcləri də artır, bu da iqtisadi artım üzərində mənfi təsirlər yaradır. Ancaq indiki halda bu qaçılmazdır. Türkiyə iqtisadiyyatında inflyasiya probleminin mümkün ölçüdə tez həll edilməsi zəruridir”.

İqtisadçı hesab edir ki, bu tədbirlər məsələni kökündən tam həll etməyə yetərli deyil:

Bir çox mütəxəssisin də qeyd etdiyi kimi, bu tədbirlər müvəqqəti xarakter daşıyır. Türkiyədə inflyasiyanı birrəqəmli həddə saxlamaq, tədiyyə balansındakı kəsiri aradan qaldırmaq və lirənin məzənnəsinin stabilliyini təmin etmək üçün ciddi struktur islahatları aparılmalıdır. Yaranan bu problemlərin əsasında tədiyyə balansındakı kəsir dayanır. Bunun həlli üçün də xeyli müddət səhv siyasət yürüdüldü. İndi yenidən iqtisadi siyasət düz yola yönəlib. Ancaq nəzərə almaq lazımdır ki, tədiyyə balansındakı kəsir iqtisadiyyatda ciddi struktur problemlərin olduğunun göstəricisidir. Türkiyə iqtisadiyyatı xeyli müddətdir ki, ciddi ölçüdə xarici investisiyalar çəkə bilmir. Gələn xarici investisiyalar əsasən inşaat, daşınmaz əmlak kimi qeyri-məhsuldar və qeyri-ticari sektorlara yönəlir. Türkiyə iqtisadiyyatının ixrac potensialını gücləndirəcək investisiyalara, innovasiyalara ehtiyacı vardır. Bu istiqamətdə işlər görülməlidir”.

Qeyd edək ki, noyabrın 23-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 5 faiz artıraraq 35%-dən 40%-ə qaldırılması ilə bağlı qərar verib. Bundan əvvəl uçot dərəcəsi oktyabrın 26-da keçirilmiş iclasda 30%-dən 35%-ə çatdırılmışdı.

Vüsalə İsgəndərova

Xəbər xətti