Paşinyanın “Sülh qovşağı”: Qafqaz ölkələri bu plana qoşulacaq?

SİYASƏT bölməsi

09:50 - 21 Noyabr 2023

 Paşinyanın “Sülh qovşağı”: Qafqaz ölkələri bu plana qoşulacaq?

Baş nazir Nikol Paşinyanın “Dünyanın kəsişməsi” planı Ermənistanın burada rolunu artırmağa yönəlib. Bununla da göstərmək istəyir ki, İrəvan sülh sazişində maraqlıdır. Təəssüf ki, Amerika və AB Ermənistanın bu cür manipulyasiya siyasətini qəbul edir.

Bu sözləri Yenipress.az-a politoloq Məhəmməd Əsədullazadə “Dünyanın kəsişməsi” (Sülh qovşağı) layihəsinin məqsədi haqqında danışarkən bildirib.

Politoloq bildirir ki, “Sülh qovşağı” adlı plan regionda sülhü və nəqliyyat əlaqələrinin açılmasını özündə ehtiva etmir:

“Ermənistan rəsmiləri xarici ölkələrə səfərlərində bu planı geniş şəkildə təbliğ edirlər. Ancaq sülhdə maraqlı olan tərəf beynəlxalq müstəvidə yox, birbaşa Bakı ilə ikitərəfli danışıq aparmalıdır. “Sülh qovşağı” tamamilə ABŞ-ın, Qərbin və Ermənistanın nəzarətində olan bir layihədir. Bu layihə heç də Azərbaycanın Ermənistana təqdim etdiyi yolun tamamilə etibarlı və təhlükəsiz şəkildə müdafiəsini təmin etmir. Demək, İrəvan bunda da maraqlı deyil. Sadəcə, bu qovşaq Azərbaycanın İranla imzaladağı Zəngəzur dəhlizinin İran ərazisindən keçən hissəsinə aid memorandumuna bir alternativdir. Düşünürəm ki, bu plan Qərbin təlimatı ilə Azərbaycanın İran və Türkiyə ilə birgə həyata keçirtdiyi İran ərazisindən keçən Zəngəzur dəhlizinə bir alternativdir. Bu, siyasi təzyiq planıdır”.

Qafqaz regionunda beynəlxalq əhəmiyyətli iri nəqliyyat layihələrinin olduğuna diqqət çəkən politoloq bildirib ki, Ermənistanın təqdim etdiyi layihədə region dövlətləri maraqlı olmasa, “Sülh qovuşağı” planı alınmayacaq:

“Əslində, bu layihə Orta Dəhlizə və Zəngəzur dəhlizinə alternativ sayıla bilməz. “Sülh qovşağı” dedikdə burada İranın və Azərbaycanın iştirakı nəzərdə tutulur. Ermənistanın Cənubdan Şimala olan hissəsi çətin relyefdir. Dəmiryol xətti və böyük avtomobil yolunun salınması milyardlarla vəsait tələb edir. Bu da Ermənistanın büdcəsi hesabına mümkün deyil. Gürcüstan Orta Dəhlizdən istifadə edir. Əgər, Azərbaycan bu layihədə yer almasa, Tiflisin də yer alması sual doğurur. Çünki Orta Dəhliz həm Gürcüstan ərazisindən, həm də  Azərbaycanın Zəngəzur dəhlizinin İran ərazisindən keçəcək. Düşünürəm ki, Gürcüstan belə bir zəif, hələ də reallaşması mümkün görünməyən və rentabelli olmayan bir layihəyə qoşulmayacaq”.

Vüsalə İsgəndərova

Xəbər xətti