Təhsili xilas etmək üçün iki yol var - Millət vəkili

TOPLUM bölməsi

11:16 - 18 Noyabr 2023

 Təhsili xilas etmək üçün iki yol var - Millət vəkili

Millət vəkili, Milli Məclisin Təhsil və Səhiyyə komitələrinin üzvü Müşfiq Məmmədli Yenipress.az-a müsahibəsi:

- Ölkəmizdə təhsil və səhiyyə daim gündəmdə olan və hər zaman müzakirə edilən məsələdir. Milli Məclisdə ən ağır komitələr də bunlar sayıla bilər və siz bu komitələrin üzvüsünüz. Təhsilimizdə nə çatmır?

- Sizinlə tamamilə razıyam, həqiqətən də hər bir xalq və ölkə üçün çox məsuliyyətli və dəyərli sahələrdir - istər səhiyyə, istərsə də təhsil. Hazırda təhsilimizdə əsas hədəfimiz məktəblərin əvvəlki nüfuzunu qaytarmaq, məktəbin şagirdlərimizin, övladlarımızın təhsil, tərbiyə və gələcəkdə karyera üçün bir mənbə rolunu oynaya bilməsinə nail olmaqdır. İstəyimiz odur ki, şagirdimiz məktəbi bitirdikdə ali məktəblərə daxil olmağa hazır və öz fikirlərini sərbəst ifadə edə bilən, sağlam ruhlu yeniyetmə olsun. Yardımçı vasitələrdən istifadə etmək artıq ikinci plana keçsin.

- Yardımçı vasitələr dedikdə, yəqin ki, repetitorluğu nəzərdə tutursunuz. Repetitorluq az qala paralel təhsil sistemi kimi fəaliyyət göstərir. Bundan qurtulmaq üçün nə təklif edirsiniz və hansı qanunların qəbulunu buna qarşı mübarizədə vacib sayırsınız?

- Repetitorluğun aktuallığını gündəmdən çıxarmaq ən böyük istəyimizdir. Qonşu ölkələr olan Türkiyə, Rusiya, Gürcüstana da diqqət yetirsək, repetitorluğun orda da aktual olduğunu görürük. Burda iki məsələ var: birincisi, biz təhsili asan qavranılan və gələcək üçün bütün aktuallığını özündə saxlayan sistem halına gətirməliyik. Yəni təhsil sistemimizdə repetitorluğa ehtiyac olmayacaq səviyyədə proqramları asanlaşdırıb, həm də indiki zaman üçün aktuallaşdırmalıyıq və qanunvericilik bunun üçün tam şərait yaradıb. İkinci, övladlarımızdan aşırı gözləntiləri bir qədər arxa plana keçirməliyik. Bizim ailələrdə şagirdin ali məktəbə qəbul olunması bir tələb halına gəlib, olmazsa-olmazdır. Bu düşüncədən qurtulmalıyıq. Hazırda diqqət yetirsək, bəzən ali təhsilli şəxslərin işlə təmin olunmasının o qədər də asan olmadığının şahidi oluruq, nəinki peşə məktəblərində təhsil alan insanların. Biz həmin peşə təhsil sistemini aktivləşdirməliyik.

- Sizcə, ali təhsil ocaqlarının qapılarını abituriyentlərin üzünə açmaq, yəni ali təhsili daha əlçatan etmək çıxış yoludurmu?

- Əslində, bu, çıxış yolu deyil. Digər ölkələrdə çox az bir miqdarda ödəniş hesabına gedib ali təhsil almaq şəraitinin yaradılması gözümüzün önündədir. Biz burda hansı nəticəni əldə edirik? Yetişməmiş, natamam mütəxəssislərin əmək bazarına gəlməsi və həmin o ali təhsil diplomunun lazımsız və faydasız bir şeyə çevrilməsinin şahidi oluruq. Azərbaycandakı ali təhsil sistemində də görüləcək işlərimiz çoxdur. Biz bu problemləri həll etməsək, o zaman, dediyimiz kimi, əmək bazarında sadəcə diplomu olub, tələbləri həyata keçirtməyi bacarmayan bir savadsız ordusuyla qarşı-qarşıya qalacağıq.

- Yeri gəlmişkən, ali təhsil ocaqlarından da bəzilərinin rayonlara köçürülməsi hər zaman səsləndirilir. Sizcə, Bakının yükünü azaltmaq üçün hansı ali təhsil ocaqlarını hansı şəhərlərimizə köçürmək məqsədəuyğundur?

- Ümumiyyətlə, Bakı şəhərinin yükünün azaldılması üçün biz çox addımlar atmalıyıq. Bakının paytaxt, həm də iş mərkəzi funksionallığını öz üzərində cəmləşdirməsi bizi indiki mənzərəylə üz-üzə qoyur. Əgər təhsildən danışırıqsa, dediyimiz modelləri Sumqayıt, Ələt kimi yerlərdə həyata keçirə bilərik və digər mərkəz isə Qarabağ zonası ola bilər.

- Səhiyyəmizlə bağlı da kifayət qədər tənqidlər səsləndirilir. Xüsusilə icbari tibbi sığortanın müsbət bir sistem olduğu bildirilsə də, çatışmazlıqlar da az deyil. Məsələn, tibbi sığorta təyin etmək üçün konkret xəstəxanalara və həkimlərə yönləndirmələr olur, pasiyentlərə tibbi sığorta ilə öz həkiminə getmək seçimi verilmir. Sizcə, bu, çatışmazlıqdırmı və necə aradan qaldırıla bilər?

- Əslində biz məsələlərə obyektiv yanaşmalıyıq. Burda məsələ ondan ibarətdir ki, bizim icbari tibbi sığorta sistemində dediyiniz göndərişlər dövlət səhiyyə sisteminin bu prosesdə rolunun artırılması məqsədi ilə nəzərdə tutulmuşdur. Məqsəd ondan ibarətdir ki, əgər dövlət səhiyyə sistemində həmin xidmətlər varsa, vətəndaş bu xidmətlərdən yararlansın, yalnız bu xidmətlər olmayanda özəl xəstəxanalara yönləndirilsinlər. Amma sığorta haqqını ödəyən vətəndaş üçün istənilən tibb müəssisi əlçatan olmalıdır və özü istədiyi tibbi müəssisəni və həkimini seçmə hüququna malik olmalıdır. Bu, bizim “Sağlamlıq haqqında” qanunda öz əksini tapmışdır.

- Ümumiyyətlə, icbari tibbi sığortanın növbəti ildə daha da təkmilləşdirilməsi üçün hansı qanunlar qəbul ediləcəyini gözləyə bilərik?

- İcbari tibbi sığorta haqqında qanunla tibb müəssisələrinin göstərdiyi fəaliyyət bizim gözlədiyimiz və strateji məqsəd olaraq qarşıya qoyduğumuz nəticələr verməyib, buna görə də müəyyən təkmilləşdirilmələrin olması gözləniləndir.

- Büdcə zərfi müzakirələrində təhsil və səhiyyəyə nə qədər vəsait ayrılıb və bu sizi qane edirmi?

- Təhsilimiz digər bölmələr üzrə xərclərin ayrılmasına görə artıq dördüncü yerdədir. Təhsilə 4,55 milyard, səhiyyəyə isə 3,307 milyard manat ayrılıb. Bundan əlavə, İcbari Tibbi Sığorta Fondu var, orda həm də müxtəlif yığımlar, o cümlədən dövlət transferi hesabına vəsait toplanır. Dövlətin əhalinin sığortalanması üçün birbaşa ayırdığı vəsait İcbari Tibbi Sığorta Fondunun vəsaitinin böyük bir hissəsidir. Nəzərə alın ki, 4-5 il bundan öncə səhiyyənin büdcəsi 700-800 milyon manat həcmindəydi, bu gün həmin məbləğ beş dəfəyə yaxın böyüyüb. Bu isə onun göstəricisidir ki, dövlət bu sahəni prioritet hesab edir. Biz bir vətəndaş və millət vəkili olaraq tibbi xidmətin keyfiyyətinin də 4-5 dəfə artmasını gözləyirik.

Nazlı Onur

Xəbər xətti