Putinə seçki öncəsi erməni atmacası

SİYASƏT bölməsi

15:30 - 15 Noyabr 2023

 Putinə seçki öncəsi erməni atmacası

Sergey Markov Rusiya prezidentinin sadiq tərəfdarlarından biridir. Sergey Markov həm də Ukraynada müharibəni və Rusiya ordusunu dəstəklədiyinə görə ukraynalıların hədəfində olan bir politoloqdur. Onu ilk dəfə Putinin sadiq təbliğatçısı Vladimir Solovyov sərt tənqid, hətta təhqir etdi.

Kreml isə hələ müşahidə edir. Putinin seçkisinə doğru böyük təbliğatla addımlayan iqtidar hamını tək-tək ələyib sonda qərar verəcək. Solovyov da narahatdır. Demək olar ki, hər gün yeni hədəf axtarması bunun sübutudur.

Özünü əsl, vətənpərvər rusiyalı hesab edən, ermənilərin sevimlisi Solovyov Markovu bir yəhudi kimi tənqid edib, daha sonra bir erməni tərəfdarı kimi təhqir etdi.

Markov ehtiyatlı və peşəkardır, onun Rusiya ordusu haqqında xoşagəlməz nəsə söyləməsi ağlabatan deyil. Və mövcud reallıqda Ukraynanın Markovu ilişdirməsi də inandırıcı görsənmir. Qalır ikinci variant, həm də daha inandırıcı variant. Rusiya erməniləri Putinin seçiciləri kimi bir neçə adamı özlərinə sözçü seçiblər ki, onlardan biri də teleaparıcı Vladimir Solovyovdur. Və sözsüz ki, Azərbaycana nifrəti ilə tanınan Solovyovun "ermənilərə görə Markovu qurban vermək olar" məntiqi də Kremli qıcıqlandırır.

İqtidar yaxşı bilir ki, bu mesajın arxasında həm də ustalıqla ifadə edilən şantaj mesajı var. Rusiya isə Azərbaycanla normal əlaqələr qurmaq marağındadır. Və Sergey Markovun savaşdan öncə, 44 günlük müharibə dövründə, eləcə də qələbəmizdən sonra verdiyi açıqlamalar da prinsip etibarı ilə əslində Putin Rusiyasının, Kremlin tezisləridir.

Markovun Azərbaycan lehinə söylədikləri onun Azərbaycana olan hörmət və sevgisinə də dəlalət etmir, sadəcə bu siyasətçi obyektiv rəy yaratmağa çalışan rusiyalı politoloq kimi öz fikirlərini ortaya qoyur. Bu isə ermənilərin xoşuna gəlmir, çünki böyük məğlubiyyətdən sonra bu sərsəm kütlə belə hesab edir ki, Rusiya, hətta Putin də onlara borcludur.

Bunu Rusiya da bilir, ancaq nə qədər ki, Paşinyan və qərbmeyilli Ermənistan faktoru var, Rusiya bu ölkədə yaşayan milyonlarla erməniyə sığal çəkmək zorundadır. Ola da bilsin ki, Rusiyada keçiriləcək növbəti prezident seçkisindən sonra hər şey dəyişəcək.

Ukraya versiyasını çox da hallandırmayan rus patriotu ona sosial şəbəkələrdən aramsız hücumlar olduğunu söyləsə də, tanınmış politoloq (onu millətçi hesab edirlər) Sergey Markovun fikrincə, ən yaxın ehtimala görə o bəlkə də ermənilərin tələsinə düşüb.

Ermənilər dolayısı ilə Putinin ətrafındakı daha bir şəxsə zərbə vurdular. Nəticə nə olacaq, indən sonra nələr baş verəcək, heç kim bilmir.

Ola bilsin ki, Rusiya Markovu güdaza verməkdən imtina edib Vladimir Solovyova da göz ağardacaq. Nə bilmək olar, bu Putin Rusiyasıdır axı... 

Oqtay Qorçu

Xəbər xətti