Atatürkün də olduğu Xankəndidən görüntülər - Fotolar

GÜNDƏM bölməsi

13:41 - 6 Noyabr 2023

 Atatürkün də olduğu Xankəndidən görüntülər - Fotolar

Türkiyənin Şərqi Anadolu bölgəsindəki Elazığ vilayətində Xankəndi adlı bir kənd yerləşir.

Yenipress.az Modern.az-a istinadən xəbər verir ki, qədim tarixə malik Xankəndi vaxtilə Elazığ vilayətinin böyük kəndlərindən biri olub. Lakin son illər kəndin əhalisi çox seyrəlib.

1800-cü illərdə adı Xanköy və ya Xangah olan kənd 1928-ci ildən Xankəndi adlandırılır.

Xankəndi Elazığ-Malatya magistral yolunun üzərində, Elazığ şəhər mərkəzindən 18 km  məsafədə yerləşir.

2010-cu il rəsmi siyahıyaalınmasına əsasən, kənddə əhali sayı 3500 nəfər olub. 2021-ci ildə kənd əhalisinin sayı 886 nəfərədək azalıb.

Elazığ Jurnalistlər Birliyinin sədri, əslən Xankəndidən olan Mustafa Doğan kənd əhalisinin sürətlə azalmasından təəssüfləndiyini vurğulayıb. Onun sözlərinə görə, sakinlərin sayı o qədər azalıb ki, indi Xankəndi az qala məhəlləyə çevrilib.

Türkiyəli jurnalistlər Elazığ-Malatya magistral yolu kimi əlverişli məkanda yerləşən Xankəndi əhalisinin sayının sürətlə azalmasının səbəbləri barədə araşdırma aparmasalar da, burada “gizli erməni əli”nin ola biləcəyini də düşünürlər. Onların fikrincə, Türkiyədəki ermənilər bu ölkədə Xankəndi adlı yaşayış məntəqəsinin ləğvi üçün çalışmaqda maraqlı ola bilərlər. Məlum məsələdir ki, Xankəndi adı həmişə erməniləri qıcıqlandırıb. Onlar Azərbaycanın əsas şəhərlərindən biri olan Xankəndinin də adını tarixdən silməyə çalışıblar. Bunu Türkiyədə də edə bilərlər.

Əhalisi milliyyətcə türklər olan Xankəndi sakinləri tarixin bir çox sınaqlarından üzüağ çıxıblar.  Vaxtilə Türkiyə Ordusuna qarşı xain üsyanlarının yatırılmasında Xankəndi əhalisi də yaxından iştirak edib. Təsadüfi deyil ki, bu xidməti nəzərə alan Türkiyənin qurucusu Mustafa Kamal Atatürk həmin dönəmdə Xankəndini ziyarət edib.

Qeyd edək ki, 24 yanvar 2020-ci il tarixində Türkiyənin bir sıra bölgələrində baş vermiş dağıdıcı zəlzələ Elazığ vilayətinin Xankəndi yaşayış məntəqəsindən də yan keçməyib. Nəticədə kənd dağıntıya məruz qalıb, ölən və yaralananlar olub.

Türkiyə hökuməti zəlzələnin nəticələrini aradan qaldırarkən Xankəndidəki evlərin bərpasını da diqqətdən kənarda qoymayıb.

Xəbər xətti