İrəvan təşvişdə: Azərbaycan bu iki kəndi nəzarətə götürsə…

SİYASƏT bölməsi

15:23 - 31 Oktyabr 2023

 İrəvan təşvişdə: Azərbaycan bu iki kəndi nəzarətə götürsə…

Ermənistanın xarici işlər naziri də həmkarları ilə görüşdə iştirak etmədi, o, öz yerinə tədbirə müavinin göndərdi. Bu, Ermənistan və Azərbaycanın yüksək səviyyəli diplomatları arasında görüş təşkil etməyi planlaşdıran Moskvaya qarşı hörmətsizlik idi. Bu görüş Azərbaycanın maraqlarından daha çox Rusiyanın marağında idi. Lakin İlham Əliyev Ermənistanı bir daha sülh sazişini sabotaj etməkdə ittiham etmək üçün daha bir arqument qazandı.

Müəllif bir daha vurğulayır ki, gələcək sülh müqaviləsinin mahiyyəti artıq 19 sentyabr hadisələri ilə müəyyənləşib. Qarabağın statusu uzun müddətdir ki, Rusiya və Qərb vasitəçiləri arasında mübahisə doğururdu – artıq bu mövzusu gündəmdən çıxıb.

Ermənilərin hesablamalarına görə, Qarabağda cəmi 40-a yaxın erməni qalıb. Bu arada Bakı bildirir ki, 98 erməni onların Azərbaycana inteqrasiyasını təmin edəcək sənədlər üçün müraciət edib.

Qərb Azərbaycanı güc tətbiq etdiyinə görə tənqid etməkdə davam edir və ermənilərin öz evlərinə qayıtmaq hüququnda israrlıdır. Amma Bakı vəziyyətə nəzarət edir və hansı vasitəçini bəyənirsə, onu seçə bilər. Müqavilənin Rusiya və Qərb layihələri əvəzinə, harada imzalanmasından asılı olmayaraq, indi yalnız bir – Azərbaycan layihəsi ortadadır. Qafqaz regionunun suverenliyini təsdiq edərək və kənar oyunçuların təsirini məhdudlaşdırmaqla qonşu Gürcüstanda Ermənistan-Azərbaycan sazişinin imzalanması da mümkün görünür.

Digər sual isə Qarabağdakı Rusiya sülhməramlılarının taleyi ilə bağlıdır. Onlar hazırda bir-birinin ardınca zastavalarını bağlayırlar. Bişkekdə Vladimir Putin Rusiya sülhməramlılarının hələ də Qarabağda qala biləcəyini bildirib. Amma Bakının niyə belə bir güzəştə razı olduğu bəlli deyil. Paşinyan isə Ermənistanın Qarabağdan çıxacaq sülhməramlıları öz ərazisində qəbul etməyəcəyini bildirib.

İki ölkə liderləri artıq iki görüş fürsətini əldən versələr də, Paşinyan hələ də ilin sonuna qədər sazişin imzalanması ehtimalını 70 faiz səviyyəsində qiymətləndirir.

Ən azı sərhəddə toqquşma ehtimalını azaltmaq üçün Ermənistan belə bir müqavilə imzalamalıdır, lakin bunun nə dərəcədə problemin həllinə kömək edəcəyi bəlli deyil. Hər iki tərəf bilir ki, Ermənistan-Azərbaycan sərhədində son atəş hələ açılmayıb. Bakı Ermənistan, Türkiyə və İranla həmsərhəd olan Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirməkdə israrlıdır. Hələlik Bakının bu məqsədlə genişmiqyaslı hərbi əməliyyat həyata keçirməsi ehtimalı azdır, lakin atışmalar eskalasiyaya və Ermənistanın növbəti güzəştlərinə səbəb ola bilər.

Güzəştlər təkcə Naxçıvanla bağlı lazım olmayacaq. Sovet dövründə Ermənistanda səkkiz Azərbaycan anklavı, Azərbaycanda isə cəmi bir erməni anklavı var idi. Beləliklə, sadə bir mübadilə mümkün deyil. Üstəlik, Azərbaycan Yuxarı Əskipara və Bərxudarlı anklavlarına nəzarəti ələ keçirsə, İrəvan-Tiflis yolunu kəsmək iqtidarında olacaq. Buna görə də qarşıda hələ çoxlu problemlər var.

Bakı-Naxçıvan dəhlizinin necə və kimlər tərəfindən istismar olunacağı da bəlli deyil. 2020-ci ildəki Azərbaycan-Ermənistan müharibəsindən sonra Rusiya, Ermənistan və Azərbaycanın birgə bəyanatına əsasən, dəhlizə Rusiya sərhədçiləri nəzarət edəcək.

Amma indi Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığı bir vaxtda bu, mümkün deyil. İrəvanla Moskva arasında münasibətlər ən aşağı səviyyədədir. Bakı da bundan istifadə edərək daha çox öz iradəsini diktə edir.

Bu məsələlərin həlli illər çəkəcək və regionda güc dinamikasının dəyişməsindən asılı olacaq proseslər inkişaf edəcək. Hələlik Azərbaycanla situasiyanı daha da gərginləşməkdən çəkindirən elementar sülh müqaviləsinin imzalanması Ermənistan üçün yaxşı nəticə olardı. Bakı bunu bilir və buna görə də hər hansı bir sənədi imzalamazdan əvvəl vəziyyətdən maksimum dərəcədə yararlanmağa-meyvənin son damla şirəsinə qədər sıxmağa çalışır.

Bakıda yeni eskalasiya üçün bütün vasitələr var. Bunlardan biri “Qərbi Azərbaycan” iddiasıdır (Sovet dönəmində Ermənistanın həmin bölgəsində azərbaycanlılar yaşayıb). Bu məsələ dövlət mediasında və İlham Əliyevin çıxışlarında getdikcə daha çox yer alır. Ermənistanın Azərbaycana yeganə təsir rıçaqı xarici dəstəkçilərdən ibarətdir, Azərbaycanın Ermənistana təsir rıçaqı isə bölgədə mövcud olan qüvvələr nisbətinin birincinin xeyrinə ağırlığındadır…

Elbəyi HƏSƏNLİ, SÜRİX

Xəbər xətti