Ərdoğan Ukrayna məsələsində kimi qınadı?

SİYASƏT bölməsi

12:55 - 1 Mart 2022

 Ərdoğan Ukrayna məsələsində kimi qınadı?

Türkiyə dövləti bunu ilk dəfə gündəmə gətirmir. Rəcəb Tayyib Ərdoğan beynəlxalq sistemin işləmədiyini, tıxandığını dəfələrlə qeyd edib. Onun məşhur “Dünya beşdən böyükdür” ifadəsi də BMT TŞ-nin daimi üzvlərinin bir çox hallarda ümumbəşəri dəyərləri öz siyasi mənfəətlərinə qurban verməsi ilə bağlıdır. Xatırlatmaq istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra BMT-nin qurulması ilə yaranan sistem indiki tələbləri qarşılamır, çünki çox şey dəyişib.

Bu sözləri Yenipress.az-a Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna məsələsi haqqında son çıxışını şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib. Professorun sözlərinə görə, dünyada müharibələrin qarşısını almalı olan BMT artıq proseslərə tez və qəti reaksiya verə bilmir, ona görə islahatlar vacibdir:

“SSRİ dağıldı, “soyuq müharibə” qurtardı və bununla birlikdə demək olar ki, Yalta-Potsdam sistemi də çökdü. Amma bu qlobal dəyişikliklərə rəğmən BMT sistemində, mexanizmlərdə heç bir dəyişiklik edilmədi və bu mərhələ hələ də davam edir. Əslində BMT-nin vəzifəsi bir ölkənin digərinə hücumu baş vermədən, döyüşlər və işğal başlanmadan təhlükənin qarşısının alınmasıdır. Ancaq təşkilat bunun öhdəsindən gələ bilmir. Antiterror əməliyyatları isə başqa məsələdir. Ukrayna məsələsinə gəldikdə isə biz BMT TŞ-nin daimi üzvü olan Rusiyanın müstəqil bir ölkənin ərazisinə qanunsuz şəkildə girdiyini, oranı işğal etməyə çalışdığını, müharibəyə başladığını görürük. Bu fakt öz-özlüyündə beynəlxalq hüququn mexanizmlərinin işləməməsinin ən böyük sübutudur. Dəfələrlə BMT-də islahatların aparılması ilə bağlı təkliflər verilsə də, əfsuslar olsun ki, bu məsələ də hazırda iflasa uğrayıb. Baş verən proseslər fonunda BMT TŞ-nin strukturunun və mexanizmlərinin dəyişdirilməsi məsələsinin yaxın gələcəkdə çox aktuallaşacağını düşünürəm”.

Söhrab İsmayıl

Xəbər xətti


Digər xəbərlər