İlham Əliyev inanılmaz tarix yazdı: 15 oktyabrın sehri...

SİYASƏT bölməsi

10:45 - 16 Oktyabr 2023

 İlham Əliyev inanılmaz tarix yazdı: 15 oktyabrın sehri...

30 ildən çoxdur xalqımızın böyük həsrəti Şuşa ilə bağlı idi. Şuşa – Azərbaycanın baş tacı olaraq, həm də Qarabağa hakim olmağımız anlamı daşıyırdı.

Şuşa arzularımızda idi, xəyallarımızda idi və həmişə inanırdıq ki, bir gün mütləq bu şəhərə geri dönəcəyik.

2020-ci ilin böyük zəfərlə bitən 44 günlük müharibəsi ilə Şuşaya qayıda bildik. Bu ecazkar və möcüzə şəhəri Azərbaycan Ordusunun əsgərləri elə inanılası mümkün olmayan möcüzə ilə də azad etdilər. Yüngül silahlarla dağları, qayaları dırmaşıb, ermənilərin çoxsaylı qüvvəsinə və ağır texnikasına qarşı ölüm-dirim savaşı apararaq, Qalanı geri aldılar.

Bu, təkcə Azərbaycanın deyil, dünya hərb tarixinin möcüzələrindən biri idi və təsadüfi deyil ki, ABŞ da daxil olmaqla, dünyanın ən qüdrətli ordularında Azərbaycan Ordusunun Şuşa hücumu və bu alınmaz qalanı şəhərə heç bir ziyan vermədən ələ keçirməyi bacarması tədris edilir, öyrənilir.

Azərbaycan əsgəri canından artıq sevdiyi Şuşaya zərər vermədən geri aldı və bu qələbə ilə düşmənin bütün müqaviməti məhv oldu, qırıldı və Ermənistan kapitulyasiyaya imza atdı. Çünki Şuşanın alınması artıq Azərbaycan Ordusunun, onun Ali Baş Komandanının hansı qüdrət və güc sahibi olduğunun bariz nümanəsi idi.

Prezident İlham Əliyev onillərlə müzakirə edilən “status”u məhv etdi, Azərbaycan Respublikasının unitarlığını bütün dünyaya bəyan etdi.

Bu böyük qələbədən sonra Xankəndi və Xocalı da daxil olmaqla, bəzi ərazilərdə rus sülhməramlıların yerləşdirilməsindən sui-istifadə edən ermənilərin getdikcə artan iddiaları, Zəfərimizə kölgə salmaq istəkləri, hətta “müstəqillik” iddialarını davam etdirmələri, ərazimizdən min kilometrlərlə uzaqda olan güclərə, o cümlədən Rusiyaya arxalanıb, yeni bir münaqişə ocağı yaratmaq və yaxud artıq həll edilmiş münaqişəni “qoruyub saxlamaq” cəhdləri azalmadı.

Ancaq bu 3 ildə Azərbaycan Prezidenti İlham Əliyev həm ən yüksək beynəlxalq arenalarda, diplomatik danışıqlarda ard-arda siyasi qələbələr qazandı, eyni zamanda yerdə addım-addım ərazi bütövlüyümüzün tamamlanması istiqamətində əhəmiyyətli həmlələr etdi.

İlk ən güclü əməliyyat müharibədən cəmi 1 ay sonra baş vermişdi: 13 dekabrda DTX-nin əməliyyatı ilə onlarla yaraqlı əsir alındı və Azərbaycan daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürdü.

Fərrux əməliyyatı yeni bir səhifə idi: ermənilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziləri “özününkü” sayırdı və hesab edirdi ki, orda “sərhədini” qura, hərbi istehkamlar yarada və rus sülhməramlıların ayağı dəyən torpaqda varlığını əbədi davam etdirə bilər. Onların düşüncəsinə görə, Azərbaycan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına heç bir halda daxil ola bilməzdi.

Fərrux əməliyyatı bu təsəvvürləri alt-üst etdi. Bu, Azərbaycan Ali Baş Komandanının növbəti xəbərdarlığı idi ki, Azərbaycanın beynəlxalq müstəvidə tanınan bütün ərazilərinə Azərbaycan Ordusu istənilən vaxt daxil olmaq hüququna malikdir.

Bu, Prezident İlham Əliyevin böyük iradəsi idi.

2022-ci ilin sentyabr toqquşması isə Ordumuzun sərhədimizdə keçirdiyi misilsiz əməliyyat, onillərlə işğalda saxladığı strateji yüksəkliklərdən çıxmaq istəməyən Ermənistan ordusuna verdiyi növbəti dərs idi. Düşmən bir daha anlamalı idi ki, razılaşmaları pozub, təxribatlara davam edəcəyi və Azərbaycan torpaqlarını tərk etməyəcəyi halda mütləq Dəmir Yumruğu alacaq.

2022-ci ilin 12 dekabrında ekofəalların Şuşa yaxınlığında başlayan və aylarla davam edən aksiyası Azərbaycanın ərazi bütövlüyünün tam təmini istiqamətində misilsiz siyasi həmlə oldu – Laçın dəhlizinin statusundan sui-istifadə edən düşmənə yumşaq güc tətbiq edildi. Aylarla davam edən bu proses nəhayət 23 aprel 2023-cü ildə “Laçın” postunun qurulması ilə başa çatdı.

23 aprel 2023-cü il Azərbaycanın bütün sərhədinə tam nəzarəti təmin etdiyi gün kimi tariximizə düşdü və bu, artıq güclü orduya güvənən Ali Baş Komandanın mətin iradəsinin nəticəsi idi. Bütün təzyiqləri rədd edən İlham Əliyev bir addım belə geri çəkilmədi və “Laçın” postunun varlığını hüquqiləşdirdi.

Son zərbə isə 19-20 sentyabr 2023-cü ildə aparılan lokal antiterror tədbiri idi.

Dünyanın hələ heç bir ordusu, heç bir gücü 24 saat müddətində, bu qədər sürətli və çevik, mülki əhaliyə heç bir zərər vermədən, yalnız legitim hədəfləri məhv edən və düşmənin 10 mindən çox qüvvəsini kapitulyasiyaya məcbur edən əməliyyat görməyib.

Bu, Prezident İlham Əliyevin necə hərbi strateq və siyasi düha olmasının növbəti nümunəsi idi.

Və beləliklə, bütün ərazimiz tamamilə ordumuzun nəzarətinə keçdi: düşmən silahlarını təhvil verib, ərazimizdən çıxdı, qondarma qurum özünü buraxdı.

İlham Əliyevin nail olduqları, bu xalq üçün etdikləri misilsizdir.

O, təkcə 1988-ci ildə başlayan və 1991-93-cü illərdə - müstəqilliyin ilk illərində işğal edilən əraziləri qaytarmayıb. Prezident İlham Əliyev 1923-cü ilin 7 iyulunda xalqımızın, dövlətimizin bətnində qara yara kimi yaradılan, daimi münaqişə ocağı kimi bəslənib saxlanılan və zaman-zaman qanayan “kor yaranı” kəsib atdı.

15 oktyabr 2023-cü il Azərbaycan üçün müstəqilliyinin özü qədər müqəddəs gündür. Bu müqəddəs gün tariximizdə İlham Əliyevin hakimiyyətə gəldiyi günü simvolizə edir.

Prezident İlham Əliyev 15 oktyabrı – xalqımızın yaddaşına, şüuruna və tarixinə qızıl hərflərlə yazdı.

Prezident İlham Əliyev Şuşanı azad edəndə demişdi: “Xoşbəxt oğulam ki, ata vəsiyyətini yerinə yetirdim!”.

Bu, Ümummilli lider Heydər Əliyevin nə qədər böyük insan olduğunu daha bir göstəricisi idi. Heydər Əliyev oğluna Şuşanı azad etməyi vəsiyyət etmişdi.

Prezident İlham Əliyev isə 8 noyabrda – ata-anasının toy günündə onun qəbrini ziyarət edib, məhz bu özəl gündə vəsiyyəti yerinə yetirdiyini elan etdi. Şuşanın azadlığa qovuşma tarixi həm də Zəfər günümüz oldu!

15 oktyabrda – hakimiyyətinin 20-ci yubiley gününü isə İlham Əliyev Xankəndidə qarşıladı və Xankəndidə Bayrağımızı ucaltdı.

İlham Əliyev 20 il öncə, Prezident seçiləndən sonra Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi.

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi!

İlham Əliyev tarixi fürsətdən maksimum səviyyədə istifadə edərək, yalnız ərazimizi tam halda bərpa etmədi, həm də “DQMV”-ni de-fakto tarix səhnəsindən sildi və 100 il bundan öncə SSRİ-nin zor gücünə Azərbaycana qəbul etdirdiyi “statusu” birdəfəlik cəhənnəmə göndərdi.

İlham Əliyev öz varlığı, siyasi addımları, qüdrəti ilə bizə o qədər böyük, əzəmətli, qürurlu və fəxr ediləsi tarixi günlər yaşadır ki, bu günlərdə yaşadığımız üçün xoşbəxtliyimizi dərk etməyə belə macal olmur. Çünki bir-birinin ardınca tarix yazır.

İlham Əliyev hakimiyyəti Azərbaycanın yüz illik tarixinin ən şanlı, ən qürurlu və ən qüdrətli səhifələridir.

İlham Əliyev bu xalqın qürurunu, ləyaqətini, ismətini, qeyrətini özünə qaytardı və arzulayıram ki, İlham Əliyev hakimiyyətinin 30-cu, 40-cı, 50-ci ildönümlərində Azərbaycan dövləti, Azərbaycan xalqı öz sevimli Prezidentindən yeni-yeni qələbə soraqlarını alsın!

Nazlı Onur

Xəbər xətti