Dünya iqtisadiyyatı təhlükə altındadır - Şahinoğlu

SİYASƏT bölməsi

13:05 - 9 Oktyabr 2023

 Dünya iqtisadiyyatı təhlükə altındadır - Şahinoğlu

Yaxın Şərqdə baş verənlər dünyanın diqqətini bu bölgəyə cəlb edib. Vaşinqton İsrail sahillərinə hərbi gəmilərini göndərib. ABŞ-ın narahat olduğu başqa bir bölgə də var. Amerika Birləşmiş Ştatlarının Virçiniya ştatında Tayvanın təhlükəsizliyi ilə bağlı konfrans keçirilib. Konfrans iştirakçıları Çinin Tayvanı ələ keçirməsinin mümkünlüyü mövzusunu müzakirə ediblər. Toplantıda Tayvanı idarə edənlərin böyük qrupu iştirak edib. ABŞ-ı isə Dövlət Departametinin, Pentaqonun yüksək rütbəli nümayəndələri təmsil ediblər.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Pekini Tayvanı güc yolu ilə ələ keçirmək təşəbbüsünə qarşı çıxış edən dövlətlərin sayı artıb. Vaşinqton adaya hücumu dünya nizamının pozulması kimi qiymətləndirir. ABŞ buna görə Tayvanın hərbi gücünü artırmağa çalışır. Bundan başqa ABŞ müttəfiqləri ilə birgə Tayvan adası ətrafında hərbi təlimlər keçirir. Entoni Blinken “Atlantik” dərgisinə verdiyi müsahibədə deyib ki, Pekini Tayvanla bağlı planlarından çəkindirmək üçün bütün gücünü səfərbər edib.

Buna baxmayaraq, Çin lideri Si Szinpin mövqeyində qətidir. O, Çin Xalq Respublikasının yaranmasının 74-cü ilində yenə eyni fikri təkrarlayıb: “Heç bir qüvvə Tayvanın Çinə birləşdirilməsinin qarşısını ala bilməz”. Çin lideri “Vahid Çin” prinsipinə sadiqdir. Vaşinqton Pekinin ərazi bütövlüyü əleyhinə çıxmasa da, “Vahid Çin” ideyasınını reallaşmasına mane olmağa çalışır. Amerikada Tayvanla bağlı keçirilən konfransda məhz Pekinə mane olmağın yolları müzakirə edilib. Konfransda Tayvanda 2024-cü ilin yanvarında keçiriləcək administrasiya rəhbərliyinə seçkilər də müzakirə edilib”, - politoloq bildirib.

Şahinoğlu qeyd edib ki, Çin Tayvanı ələ keçirmək üçün müharibəyə başlayarsa, bu dünya iqtisadiyyatına da mənfi təsir edəcək:

“Dünyada dənizlər vasitəsilə daşınan yüklərin 50 faizi Tayvan boğazından keçir. Bundan başqa dünyada yarımkeçiricilərin 70 faizi Tayvanda istehsal olunur. Müharibə olarsa, qlobal iqtisadi xaos baş verəcək. Amerikalı rəsmilər və ekspertlər Çini bəzi hallarda Rusiyadan daha təhlükəli dövlət kimi qiymətləndirirlər. Entoni Blinken də bununla razıdır. Blinken Çinin iqtisadi, siyasi, diplomatik və hərbi potensialının Rusiyanı üstələdəyi fikrindədir. Çin-Rusiya ittifaqı ABŞ üçün daha böyük təhlükə kəsb edir. Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Çinə iki günlük səfərə hazırlaşır. Putin Pekində “bir yol, bir kəmər” forumunda iştirak edəcək”.

Xəbər xətti