“Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin premyerası oldu - Foto

MAQAZİN bölməsi

13:38 - 28 Sentyabr 2023

 “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin premyerası oldu - Foto

Ötən gün Park Cinemada “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin premyerası olub.

Yenipress.az xəbər verir ki, “Cineart Group”kino şirkəti tərəfindən istehsal olunan filmin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operatoru Vasif Vəlizadədir.

Filmdə Rasim Cəfər, Aygün Əlipənahova, Leyli Vəliyeva, Ayşad Məmmədov, Günay Həsən, Nəsibə Eldarova çəkilib.

Filmin süjet xəttinə görə üç aydan sonra komadan ayılan Vətən müharibəsi iştirakçısı, anasının rəhmətə getdiyini və qızının uşaqlar evinə himayəyə verildiyini öyrənir. İndi o, övladına sahib çıxa bilmək üçün həyatını qaydasına salmağa çalışır.

Filmin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Nümayişdən sonra ekran əsərinin yaradıcı heyəti səhnəyə çıxıb.

Rejissor Qulu Əsgərov bildirib ki, süjetdə ağır döyüş səhnələrindən daha çox müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir.

“Cineart Group”un təsisçisi və filmin ssenari müəllifi Nicat Dadaşoun sözlərinə görə, filmin ideyası eşitdiyi bir hekayə ilə yaranmağa başlayıb: “Müharibə dönəmində tez-tez dramatik hekayələr eşidirdim. Onlardan biri daha çox diqqətimi çəkdi, deməli, rütbəli zabitlərimizdən biri Şuşanın fəth olunmasında iştirak edərkən yaralanır, üç ay komada qalır, ayılandan sonra qızına sahib çıxmağa çalışır. Bir il sonra mən həmin zabiti tapdım və bir neçə dəfə görüşüb, danışdıq. Və belə bir film yarandı”.

Filmdə Teymur Osmanlı obrazını canlandıran, əməkdar artist Rasim Cəfər qeyd edib ki, film Vətən uğrunda canından keçən oğullarımıza, qazilərimizə töhfədir: “Bu bizim mənəvi borcumuzdur. Biz hər şeyə görə onlara borcluyuq. Çox arzu edirəm ki, bizim torpaqlar bir daha müharibə, döyüş, qan-bəla görməsin, şəhid verməsin”.

Filmdən təsirləndiyini deyən Xüsusi Təyinatlıların ehtiyatda olan polkovnik –leytenantı Şəmşir Həziyev öz həyat hekayəsini bölüşdü:

"Mən müharibəyə gedəndə 86 kilo idim, qayıdanda isə 60 kilo... Yaralanmışdım, hospitalda müalicə aldım, evə gəldim, övladlarım yoldaşıma deyiblər ki, ata belə qalacaq, sağalmayacaq? Yəni demək istəyirəm ki, mən o həyatı yaşamışam və indi də yaşayıram. Hələ də normal ayaq üstə dura bilmirəm. Həmişə fikirləşirdim ki, heç bir rejissor müharibəni müharibə iştirakçısı kimi təsəvvür edə bilməz. Filmə baxanda sanki o günlərə geri döndüm, yaşadıqlarımı xatırladım, özümü saxlaya bilmədim və ağladım. Film mənə həqiqətən çox təsir etdi".

Qeyd edək ki, “Mən burdayam, İlahi!” filmi ölkənin bütün kinoteatrlarında nümayiş olunur.

Xəbər xətti


Digər xəbərlər