Sülməramlılar Azərbaycan ərazisində qalmayacaq - Budberq

SİYASƏT bölməsi

13:08 - 27 Sentyabr 2023

 Sülməramlılar Azərbaycan ərazisində qalmayacaq - Budberq

Ermənistan cəmiyyəti Qarabağ məsələsindən yorulub. Rusiya sülhməramlı qüvvələri də Azərbaycan ərazisindən gedəcəklər. Rusiyada erməni lobbisinin marağını güdənlər bundan sonra səslərini kəsib sakit oturacaqlar.

Yenipress.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində “Moskovskiy Komsomolets“ qəzetinin siyasi şərhçisi, tanınmış jurnalist Aleksandr Budberq bildirib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin əsasında iqtisadiyyat dayanır:

“Əgər bu regionda iqtisadiyyatla bağlı layihələr, iqtisadi əməkdaşlıq işə salınacaqsa, bu, reinteqrasiya prosesini sürətləndirəcək. Bütün bu proseslər ardıcıllıqla aparılmalıdır. Tamamilə aydındır ki, Azərbaycan heç vaxt bu regiona muxtariyyət və ya hansısa ayrıca status formasında baxmayacaq. Belə deyək, heç bir status olmayacaq. Orada yaşayanların statusu Azərbaycanın digər regionlarında yaşayan əhalinin statusu ilə eyni olacaq”.

Ermənistan cəmiyyəti Qarabağ məsələsindən yorulub

Rusiyalı ekspertin fikrincə, rəsmi İrəvan da artıq bu reallığı qəbul edib:

“Ermənistan cəmiyyəti də bu məsələyə, ümumilikdə baş verənlərə sakit yanaşır. Etiraz edənlərin sayına baxanda bunu görmək mümkündür. Bu isə o deməkdir ki, heç Ermənistan da əslində Qarabağın ayrıca statusuna iddia etmir. Bu, həm də əslində onu göstərir ki, Ermənistan cəmiyyəti Qarabağ məsələsindən yorulub. Ermənistan cəmiyyəti daha Qarabağ üçün hər il xərac vermək istəmir”.

Qarabağda mülki həyat başlayacaq

Budberq hesab edir ki, Rusiya sülhməramlı qüvvələri də Azərbaycan ərazisində qalmayacaq:

“Əvvəla Azərbaycan sülhməramlıların öz ərazisində qalma müddətini uzatmaq istəməyəcək. İkincisi isə, sülhməramlılar indiyə kimi tərəflər arasında sərhədi, təmas xəttini müəyyən edirdilərsə, bundan sonra həmin sərhəd olmayacaq. Qarabağda mülki həyat başlayacaq. Ona görə də, düşünürəm ki, Rusiya Sülhməramlı Kontingenti bundan sonra Azərbaycanda qalmayacaq. Sülhməramlıların həmin ərazilərdə qalması üçün heç bir əsas da görmürəm”.

Rusiya hərbi bazası tədricən Ermənistandan çıxarılacaq

Siyasi şərhçi Rusiyanın Ermənistandakı hərbi bazasının taleyi barədə də proqnozlarını açıqlayıb:

“Fikrimcə, Paşinyan inanılmaz hiylə işlədib. O, həm müharibəni uduzmağı bacarıb, həm də hakimiyyətdə qalmağı... Bir neçə il bundan qabaq buna inanmaq mümkün olmazdı. Lakin fakt budur ki, o, bunu bacarıb. Onun hakimiyyətinin hərəkət trayektoriyası aydındır. Bu, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, Türkiyə daxil olmaqla regionun digər oyunçuları ilə əlaqələr qurmaqdan ibarətdir. Bu siyasi xətti yürüdən Ermənistan rəhbərliyinə Rusiya hərbi bazası lazım deyil. Qarabağda baş verənlərin Ermənistanda hakimiyyət dəyişikliyini tətikləyəcəyinə biz 100 faiz zəmanət verə bilmərik. Bu isə Gümrüdəki Rusiya hərbi bazası ətrafındakı vəziyyətin gedişatını dəyişə bilər. Ona görə də, hesab edirəm ki, Paşinyan hakimiyyətdə qalacağı təqdirdə Rusiya hərbi bazası tədricən Ermənistandan çıxarılacaq. Əgər hakimiyyət dəyişilsə, hansı ki, bu inandırıcı deyil, o zaman hakimiyyətə kimin gələcəyinə baxmaq lazımdır. Aydın məsələdir ki, Paşinyan hələ az da olsa, çox da olsa Ermənistan cəmiyyətinin əksər hissəsinin ümid yeri olaraq qalır. Məhz bu, ona hakimiyyətdə qalmağa, onu qorumağa imkan verir. Paşinyana qədər baş verənlər Ermənistan cəmiyyətini məyus etmişdi. Ermənilər ümid edirlər ki, Paşinyanın təklif etdiyi kurs onların həyat şəraitini hansısa şəkildə yaxşılaşdıracaq. Düşünürəm ki, qısa perspektivdə Paşinyanın hakimiyyəti saxlaması üçün yaxşı şansı var”.

Moskvanın Paşinyan hakimiyyəti ilə ideal münasibətlər qurması mümkün deyil

Budberq Moskvanın Paşinyanın siyasətinə reaksiyasının artıq məlum olduğunu da söyləyib: “Putini qəzəbləndirmək üçün Roma statutunu imzalamaqla, Rusiyanın Cənubi Qafqaz regionundan getməsi ilə bağlı müsahibə verməklə Paşinyan əlbəttə ki, şüurlu şəkildə Moskva ilə münasibətləri pozub və şüurlu şəkildə Qarabağı uduzub. Ona görə ki, heç kəs Azərbaycana Qarabağı geri qaytarmağa maneə ola bilməzdi. Ona görə də, Moskva bu vəziyyətin inkişafına tam neytral yanaşdı. Heç nəyə maneə olmadı. Bakıya antiterror tədbirlərini həyata keçirməyə heç nə maneə olmadı. Paşinyanın siyasətinin nəticəsi burada artıq özünü büruzə vermiş oldu. Lakin Paşinyan nə etdiyini çox gözəl anlayır. Düşünmürəm ki, Rusiya bundan sonra Paşinyan hakimiyyəti ilə ideal münasibətlər qursun. Bu, mümkün deyil. Çünki Paşinyan hakimiyyəti bunu istəmir. Məhz bu məqam, Paşinyan hakimiyyəti üçün təhdid yaradır. Çünki, Qərb ilə Rusiya, eləcə də regiondakı müxtəlif böyük oyunçular arasında balansı qorumamaq bütünlükdə Ermənistanın dövlətçiliyi üçün yaxşı hal deyil. Lakin bütün hallarda Paşinyanın Rusiya ilə münasibətdə taktiki uğurunu müşahidə edirik. O, siyasi məqsədinə çatıb.

O ki qaldı Fransaya, bu ölkə Ermənistandan beş saatlıq uçuş məsafəsində yerləşir. Ona görə də, Fransanın İrəvana köməyə gəlməsi mümkün deyil. Regionda böyük oyunçular Rusiya, Türkiyə və İran olaraq qalır və bu ölkələr heç yerə gedən deyil. Yanında olan ölkəni başqası ilə əvəz etmək çox çətin məsələdir. Baxın, amerikalılar baş verənlərə təmkinli münasibət sərgilədilər. Fransalılar isə çox danışdılar, amma heç nə etmədilər. Çünki onların bu regiona istiqamətləndirəcək resursları yoxdur”.

2020-ci il müharibəsi zamanı məlum oldu ki, erməni lobbisi heç də Rusiyadakı prosesləri idarə etmir

Aleksandr Budberq Rusiyadakı erməni lobbisinin baş verənlərə isterik münasibətindən də danışıb. O bildirib ki, erməni propaqandistləri baş verənlərdən fövqəladə dərəcədə məyus olublar: “Bunun hansısa həddi var. Rusiyada həqiqətən də nəhəng erməni lobbisi mövcuddur, xüsusi ilə də mediada... Bura təkcə etnik ermənilər yox, həm də digərləri daxildir. Misal üçün, götürək Vladimir Solovyovu, o, hər zaman aqressiv anti-Azərbaycan mövqeyi sərgiləyir. Bilirəm ki, bu kimi adamlar Rusiya XİN-də, Dövlət Dumasında, güc strukturlarında da var. Amma yenə də o an gəlir ki, onlar özlərinə cavab verməli olurlar: Onlar Rusiyanın, yoxsa Ermənistanın maraqlarını təmsil edirlər? Onlar Rusiyaya işləyirlər, ya Ermənistana? Belə bir məşhur zarafat var: “Henri Kissincer Qolda Meyerə deyəndə ki, mən əvvəl ABŞ dövlət katibi, daha sonra isə etnik yəhudiyəm, Meyer cavab verib ki, bizdə sağdan sola yazılır. Bizdə sağdan sola yazılmır, amma Rusiyadakı erməni lobbiçilərin imkanları Ermənistanın aktiv və aydın şəkildə anti-Rusiya xarici siyasəti yürütməsi, Rusiyanın düşmənləri ilə sıx münasibətlər qurması ilə məhdudlaşdı. Bunun nəticəsi olaraq, bizə hər zaman Rusiya-Ermənistan müttəfiqliyinin qaçılmaz, əbədi olduğunu söyləyənlər indi məyus olmaya bilməzlər. On illər ərzində bizə Ermənistanla müttəfiqlik daha önəmlidir deyənlər, Azərbaycanı hər şeydə günahlandıranlar indi özlərini daha ehtiyatlı aparacaqlar. Ona görə ki, Rusiya üçün Azərbaycanla münasibətlərin önəmi məlumdur və Ermənistandan ötrü döyüşmək üçün Rusiyanın resursu mövcud deyil və bunun heç mənası da yoxdur. Ona görə də, erməni lobbisinin maliyyələşdirdiyi, onların ideologiyasını yayanlar indi məyusluq hissini yaşamaya bilmirlər. Bu mərhələ hansısa mənada artıq başa çatıb. Erməni lobbisi bir zamanlar hesab edirdi ki, onlar prosesi idarə edirlər. Lakin 2020-ci il müharibəsi zamanı artıq məlum olmuşdu ki, onlar heç də prosesi idarə etmirlər. Bu dəfə isə o baş verdi ki, şəxsi maraqlarının, ambisiylarının olmasına baxmayaraq, onlar səslərini kəsib sakit oturacaqlar”.

Xəbər xətti