Ərdoğanın Naxçıvan səfərinin gerçək səbəbi budur - Sensasion versiya

SİYASƏT bölməsi

11:59 - 25 Sentyabr 2023

 Ərdoğanın Naxçıvan səfərinin gerçək səbəbi budur - Sensasion versiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana səfər edəcək.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Ərdoğanın Naxçıvana səfər planı haqda məlumat yayıb.

Məlumata görə, Prezident Ərdoğan və Prezident Əliyev arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müzakirə olunacaq. Aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğan və Əliyevin İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəkləri gözlənilir.

Türkiyə Prezidentinin indiki məqamda Naxçıvana səfəri xüsusilə diqqət çəkir. Bu, Zəngəzur dəhlizi ilə bağlı ola bilərmi? İki türk liderinin Naxçıvanda bir araya gəlməsi növbəti böyük prosesin təməlini qoyacaq?

Yenipress.az xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Globalinfo.az-a deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təsadüfi deyil:

“Bu həqiqətən də regionda və geosiyasi müstəvidə yeni böyük prosesin başlaması mənasına gəlir. Söhbət Zəngəzur dəhlizi və onun istifadəyə verilməsindən gedir.

Aydın məsələdir ki, ortada müəyyən razılaşma var. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, Ermənistan öhdəlik götürüb. Əlbəttə, Zəngəzur dəhlizinin necə açılması və ya Ermənistanın necə bir öhdəlik götürməsindən asılı olmayaraq bu məsələ həllini tapmalıdır.

Rusiyanın son günlər sərgilədiyi davranışlar Türkiyənin atdığı addımlar, Azərbaycanın inadkar və qərarlı mövqeyi bir daha onu göstərir ki, ortada bir razılıq var. Nikol Paşinyanın öhdəliklərdən qaçmaq və prosesi manipulyasiya etmək cəhdləri də bunu təsdiqləyir”.

Ə.Əlibəyli deyib ki, Qarabağ məsələsi Azərbaycanın xarici siyasətdəki geosiyasi hədəflərinin gerçəkləməsi baxımdan maneə təşkil edirdi:

“Bakının Qarabağda atdığı strateji addımlar bu problemin həllində çox ciddi dividentlər qazandırdı. Türkiyə prezident administrasiyasının bir müddət öncə verdiyi açıqlama da onu deməyə əsas verir ki, Ankara Zəngəzur ilə bağlı ciddi addımlar atacaq. Hesab edirəm, Ərdoğanın Naxçıvana səfəri bu baxımdan prosesin başlanmasına dəlalət edir. Regionda və dünyada kommunikasiyalara nəzarət və bunun fonunda geosiyasi savaş yeni müstəviyə keçir.

Azərbaycan-Türkiyə əməkdaşlığı artıq regiona marağı olan qüvvələri neytrallaşdıra bilir. Misal üçün, Fransa, İran buna misaldır. İndiki məqamda Ermənistanın atacağı addımlar çox önəmlidir. Rəsmi İrəvan başa düşsə ki, Azərbaycan-Türkiyə birliyi qarşısında durmaq yox, yanında yer almaq lazımdır, regionda çox fərqli proseslərin şahidi ola bilərik”.

Xəbər xətti