Münasibətlər “qızıl dövrə” daxil ola bilmədi - Analiz

SİYASƏT bölməsi

14:33 - 22 Sentyabr 2023

 Münasibətlər “qızıl dövrə” daxil ola bilmədi - Analiz

Vaşinqtonla yanaşı London da Pekini inandırmağa çalışır ki, Çin müttəfiqi Rusiyaya təsir etsin ki, Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırsın. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bir müddət əvvəl Çinə səfəri bununla əlaqəli idi.

Yenipress.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

“Böyük Britanıyanın xarici işlər nazirləri 5 il müddətində Çinə səfər etməmişdilər. Bu səbəbdən Kleverli Pekində başqa mövzulara da toxunmaq məcburiyyətində idi. Səfəri mürəkkəbləşdirən səbəblərdən biri Britaniya parlamentinin Tayvanın “müstəqil dövlət” kimi tərənnüm etdirən hesabat hazırlaması idi. Halbuki, buna qədər Böyük Britaniya parlamenti Tayvanın “müstəqilliyi” barədə rəy bildirmirdi. Britaniyalı deputatlar bu yanaşma ilə nazirlərinin Pekinə səfərini mürəkkəbləşdirdilər. Buna baxmayaraq, Ceyms Kleverli Pekindəki çıxışlarında diplomatik etiketdən kənara çıxmamağa çalışırdı. O Böyük Britaniya ilə Çin arasındakı fikir ayrılıqlarının mövcudluğunu bildirsə də, bunun iki ölkə arasında işgüzar münasibətlərə təsir etmədiyini vurğuladı. O Çin kimi böyük ölkənin dünyadakı proseslərdən izole edilməsinin yanlış olacağını bildirdi.

Ceyms Kleverlı Böyük Britaniyanın baş naziri Rişi Sunakın Hindistanda keçiriləcək “böyük iyirmilərin” toplantısında Çin lideri Si Szinpinlə görüşünün detallarını da müzakirə etməli idi. Ancaq məlumdur ki, Si Szinpin Hindistandakı sammitdə iştirak etmədi. Digər tərəfdən Rişi Sunakın Çini sərt tənqidi Pekini Londonla münasibətlərdə narazı salan məqamlardandır. Rişi Sunak “böyük iyirmilər” dövlətlərinin başçıları arasında Si Szinpinlə görüşməyən yeganə liderdir”, - məlumatda deyilir.

Analizdə bildirilir ki, Böyük Britaniyanın Pekinə bir səfəri ilə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq çətindir:

Bunu London da etiraf edir. Halbuki, 2015-ci ildə Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeron Si Szinpinlə badə qaldıraraq iki ölkə arasındakı münasibətlərin “qızıl dövrünə” daxil olduğunu vurğulayırdı. Böyük Britaniyanın o zamankı maliyyə naziri Corc Osborn Böyük Britaniyanı Çinin Qərbdəki ən yaxşı tərəfdaşı adlandırırdı. Ancaq belə olmadı. Çinin artan hərbi gücü, Pekinin uyğurlara olan sərt münasibəti, kiberhücumlar və kəşfiyyat qalmaqalları Londonla Pekin arasındakı münasibətləri gərginləşdirdi. Bunun üzərinə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə Pekinin seyrçi qalmasını da əlavə etsək, Londonla Pekin arasındakı münasibətlərin normallaşması üçün zəminin olmadığı aydınlaşar. Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak Çini beynəlxalq aləm üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir.

Xəbər xətti