Həm Tiflisdə, həm də xaricdə fəaliyyət göstərən bir qrup şəxs hakimiyyəti zorakılıqla dəyişmək üçün Gürcüstanda vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır. Planın müəlliflərindən biri Mixail Saakaşvilinin prezidentliyi dövründə daxili işlər nazirinin müavini olub, indi isə Ukrayna Hərbi Kəşfiyyatı rəhbərinin müavini Georgi Lorlkipanidzedir.
Yenipress.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Məlumata görə, Gürcüstanda vətəndaş iğtişaşları xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb:
“İğtişaşa oktyabr-dekabr aylarında başlayacaqdılar. Bu zaman Avropa Komissiyasının aralıq hesabatı və AB-nin Gürcüstana birliyə üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi ilə bağlı yekun hesabatı təqdim edilməlidir. Dövlət hakimiyyətini devirməyə hazırlaşanların gözləntisi belə hesablanıb ki, dərc olunan nəticə neqativ olacaq, bu da ixtiyarında olan informasiya şəbəkələrində hakimiyyətə süni şəkildə “rusiyapərəst” damğası vurmaqla ictimaiyyət üçün iğtişaşlara münbit zəmin yaradacaqlar”.