Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdadır. O, amerikalı iş adamları və müxtəlif dövlətlərin liderləri ilə görüşlərə başlayıb. Ancaq Ərdoğanın səfərinin əsas məqsədi bu həftə BMT Baş Assambleyasındakı çıxışı olacaq. Böyük ehtimalla Ərdoğan çıxışında yenə “dünya beşdən böyükdür” tezisini təkrarlayacaq.
Yenipress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, Ərdoğan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını istəyir:
“Türkiyə ilə yanaşı Braziliya, Hindistan, Yaponiya, Almaniya kimi ölkələr də BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddialıdır. 60 il ərzində BMT-də struktur dəyişikliyi həyata keçirilməyib. Halbuki, dünya çox dəyişib və Afrika, Cənubi Amerika və Asiyanın böyük hissəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündə təmsil olunmayıb.
Ərdoğanın çağırışına müsbət yanaşma var. Daimi üzvlərin hamısı, o cümlədən, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin sıralarının genişlənməsinin əleyhinə deyil. Ancaq Rusiya və Çin üzvlüyə Qərb ölkələrinin, həmçinin, Almaniya və Yaponiyanın namizədliklərinin əleyhinədirlər. Pekinin Hindistanın daimi üzvlüyünə də müsbət yanaşdığını demək çətindir. Halbuki, Hindistan əhalisinin sayına görə Çini üstələyib. Hindistanın namizədliyini ABŞ da dəstəkləyir. Beləliklə, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını hamı istəsə də, namizədlər məsələsində ciddi fikir ixtilafı mövcuddur. Buna görə hazırki daimi üzvlərin yeni üzvlərlə bağlı yekdil qərar verəcəyi çətindir”.