İşıqlı gələcək naminə eşq ilən...

TOPLUM bölməsi

20:04 - 12 Sentyabr 2023

 İşıqlı gələcək naminə eşq ilən...

İllər keçir, həm də elə keçir ki, baxırsan, ölkədə nə qədər şey dəyişib, bir o qədəri də yerini dəyişib. Ölkədə çox şeyi dəyişənlər ölkənin gələcəyini quran şəxslərdir. Biz onların bəzən fərqində olmuruq, bəlkə, olmağa vaxtımız yetmir. Bunu nə biz bilirik, nə o şəxslər. Amma bilənlər biləcək!

Zamanla fərqinə varırıq ki, o adamların hesabına ədəbiyyatımız, təhsilimiz, tibbimiz, incəsənətimiz var. Məsələn, sən bir erməniyə silahdan başqa nə ilə Azərbaycanın var olduğunu başa sala bilərsən? Yəqin ki, bu siyahı belə olar: ədəbiyyat, tarix, incəsənət – bir sözlə, ELMLƏ...

Hər şeyin sonu elmə gəlib çıxırsa, deməli, bu elmi aşılayanlara minnətdar olmalıyıq. Ona görə ki bizi ölkə sərhədindən kənarda da o elmlə tanıyacaqlar, içində də...

Bəs o təhsili verənlər, elmi aşılayanlar, ədəbiyyat yaradanlar kimlərdir? O adlar çoxdur, biz görmürük. Zamanın sınağı onu göstərir ki, onları görməliyik, mütləq görməliyik! Ol ki, onları seçməyi də bacarmalıyıq...

Yadımdadır, orta məktəbdə oxuyanda kitab satışı yerlərindən hazırlıq vəsaitləri almışdım. Onlardan biri də Azərbaycan dili vəsaiti idi. Sonralar müəllif Şəmil Sadiqi bir verilişdə gördüm. Oxuduğum kitabın müəllifini televiziyada görmək olduqca xoş hisslər yaratdı. Daha sonra Şəmil Sadiqin yaratdığı kurs olan “Hədəf Kursları”nı tanıdım. Neçə-neçə gəncin işıqlandığı və bu ölkə üçün kadrlar yetişdirən kurs haqqında maraqlandım. Gördüm ki, gələcəyimiz elə belə kurslarda yetişir. 

On beş il fəaliyyət dövrü olan kurs Allah bilir, nə qədər şagird yetişdirib, nə qədər şagirdin ali təhsil almasına vəsilə olub. Bütün bunların kökündə nə qədər zəhmət dayanır...

Bu yerdə xatırladım ki, zəhmətdən daha çox nə qədər məsuliyyətin olduğunu dərk edə bilsək, bu elə çox şeyə yarıyar. Və o kursu yaradan, o kursun məsuliyyətini, ailələrin iztirabını çiyinlərində saxlayan şəxsin və şəxslərin halını hiss edə bilərik.

Azərbaycanın, az qala, dörd bir yanında filialları ilə ölkə üçün elm yatırımı edən bu kurslar böyüyür. Elə böyüyür ki, hətta liseyə də çevrilir. Robotlar yaradan şagirdlər yetişir. Bilirsiniz, bu nə deməkdir? İyirmi-iyirmi beş il qabaq kombayn görəndə qışqırıb həmyaşıdlarımızı ona baxmağa çağırırdıqsa, indi ovaxtkı bizlə həmyaşıd uşaqlar robot hazırlayırlar. Bu necə baş verir? Əvvəl də dediyim kimi Şəmil Sadiq kimilərin novatorluğu sayəsində...

Şəmil Sadiq tez-tez xarici ölkələrə səfər edir. Bəlkə, görənlər elə bilir, şəkil çəkdirmək üçündür o səfərlər. Amma dərindən tanış olanda baxırsan ki, hansı ölkəyə gedibsə, oranın təhsilindəki qabaqcıl nümunələri tətbiq etməyə çalışır. Bunun adı, həqiqətən, novatorluqdur.

Bu da azərbaycanlı şagirdin xarici universitetlərdə təhsil almasına, dünyagörüşünün formalaşmasına aparan amillərdən biri, bəlkə də, birincisidir.

Elm sahəsində, kitab sahəsində qazanc əldə etməyin çətin olduğunu bilirik. Deməli, Şəmil bəy qazancdan daha çox Azərbaycan üçün gələcək formalaşdırmağa meyillidir. Qazanc lap e-e, lap arxada qalan məsələdir. Elə yaxın zamanlarda onunla müsahibə də etmişdik. Onda daha çox fərqinə vardım ki, Şəmil bəy liseyində oxuyan şagirdlərlə fəxr edir. Onlara ümid bağlayır. Lap öz uşaqları kimi. Onların parlamasını ümidlə gözləyir.

Daha bir məsələ Azərbaycan elminə, ədəbiyyatına töhfələridir. Bu qədər işin içində elmi iş, romanlar yazmaq sadəcə möhtəşəmdir. Onun yazdığı romanlar barədə çox danışmayacağam. Çünki ədəbi təndiqçi deyiləm. Sadəcə deyə bilərəm ki, ölkənin dörd bir yanında kurs yaradan, iki lisey formalaşdıran Şəmil Sadiq roman işinə də peşəkar yanaşıb. Şəmil Sadiq Azərbaycan üçün bir dəyərdir. Azərbaycan üçün ən lazımlı işi görən adama təşəkkür düşür. Böyük bir TƏŞƏKKÜR! YENİ YAŞIN mübarək, ŞƏMİL SADİQ!

Şəmil Sadiqin doğum gününə eşq ilən...

Ruzbeh MƏMMƏD

Xəbər xətti