Ankara və Qahirə arasında münasibətlərin yaxınlaşması enerji sahəsində əməkdaşlıq üçün geniş perspektivlər aça bilər, xüsusən də Şərqi Aralıq dənizində enerji resurslarının təhlükəsiz və daha az xərclə daşınması sahəsində.
Yenipress.az xəbər verir ki, bu barədə “Axşam” qəzeti məlumat yayıb.
“Ankara ilə Qahirə arasında münasibətlər yeni müstəviyə keçir. İki ölkə arasında yaxınlaşma 2022-ci ildə Türkiyə və Misir prezidentlərinin (Qətərdə keçirilən dünya çempionatında - red.) əl sıxması ilə başlayıb. Bu baxımdan iki ölkə arasında bir çox qarşılıqlı addımlar atılıb. Mütəxəssislər inkişaf etməkdə olan əlaqələrin hər iki ölkəyə fayda gətirmək üçün böyük potensiala malik olduğunu və xüsusilə Şərqi Aralıq dənizi enerji ehtiyatlarının təhlükəsiz və sərfəli daşınmasında əhəmiyyətli imkanlar təqdim etdiyini bildirirlər”, - məlumatda deyilir.
Qəzet Şərqi Aralıq dənizində hər iki ölkənin maraqlarına cavab verən qaz kəşfiyyatı sahəsində Ankara ilə Qahirə arasında mümkün əməkdaşlığa diqqət yetirir:
“İki ölkə arasında 2021-ci ildə 6,7 milyard dollar olan ticarət dövriyyəsinin həcmi 2022-ci ildə 14% artaraq, 7,7 milyard dollara çatıb”.