Araik Bakının təklifini qəbul etmədi – Ordumuz hərəkətə keçir

SİYASƏT bölməsi

16:47 - 1 İyun 2023

 Araik Bakının təklifini qəbul etmədi – Ordumuz hərəkətə keçir

Qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan son zamanlar separatçılar arasında “aktivliyi” ilə seçilir. Onun Araik Arutyunyan və komandasına qarşı açdığı cəbhə separatçılar arasında ixtilafın gündən-günə böyüdüyünü göstərir.

Bəzi iddialara görə, Babayan Xankəndidə nəzarəti bərpa edərək Bakı ilə danışıqlara getmək, ən yaxşı halda erməni icmasının rəhbəri olaraq amnistiyadan yararlanmaq istəyir.

Maraqlıdır, rəsmi Bakı belə bir hal qarşılığında Samvel Babayanı erməni icmasının rəhbəri kimi tanıyacaqmı? Özü də bir separatçı olan Babayan Bakının amnistiyasından yararlana bilərmi?

Yenipress.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Globalinfo.az-a deyib ki, prinsip etibarilə bizim üçün Xankəndidəki prosesləri kimin tənzimləyəcəyinin heç bir fərqi yoxdur:

“Prezident İlham Əliyev Laçında çıxışı zamanı açıq şəkildə qeyd etdi ki, əgər separatçılar “parlamentlərini” “hökumətlərini” buraxlarsa, onlara amnistiya verilə bilər. Bu Araik Arutyunyan da ola bilər, Samvel Babayan da. Burada əsas məsələ separatçıların rəsmi Bakının tələblərini qəbul etməsidir.

Mən inanmıram ki, Araiklə Samvel buna hazır olsun. Arutyunyan onsuz da bu istiqamətdə açıqlamalar verir və açıqca deyir ki, o, Bakının tələblərini qəbul etməyəcək. Samvel Babayana gəldikdə isə o Arutyunyanla müqayisədə zəifdir və dəstəkçilərinin sayı azdır. Misal üçün, o, Xankəndidə Arutyunyana qarşı mitinq keçirdi, lakin çox az insan iştirak etdi.

Babayan indiki halda Rusiyanın dəstəyini alsa, Arutyunyanı devirə bilər. Çünki separatçılar əsasən Kremldən dəstək alırlar. Onu da deyim ki, Rusiya separatçılarla bağlı kartlarının hamısını oynamır. Yəni həm Samvel Babayanla, həm Araik Arutyunyan, həm də Ruben Vardanyanla təmaslar qururlar.

Azərbaycan tərəfi üçün indiki məqamda əsas məsələ separatçıların şərtlərimizi qəbul etməsidir. Hesab edirəm, separatçılar bunu qəbul etməyəcək və rəsmi Bakı yekunda prosesləri antiterror əməliyyatları ilə həll edəcək”

Xəbər xətti