Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir?

GÜNDƏM bölməsi

12:48 - 30 May 2023

 Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir?

Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan qalib ldi və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Hökumətdə dəyişikliklər olacağı annonsu daha öncədən verilmişdi. Bu səbəbdən xeyli sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki, Türkiyədə hazırkı prezidentinin yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlar ilə daxil olacaq.

Yenipress.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, son illər müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb:

“2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, bu il Türkiyədə xarici şoklar olmazsa, trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.

Bununla yanaşı, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya baş verib. Belə ki, ötən il ölkədə 72.31 faiz inflyasiya qeydə alınıb və bu ilin aprelində isə qiymətlər 43.68% artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq, hələ də, qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən biri olaraq qalır”.

V.Bayramovun sözlərinə görə, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdı, hazırda isə müasir sənaye dövlətinə çevrilməkdədir:

“Türkiyə indi hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu qardaş dövlətin növbəti illərdə iqtisadiyyatını keyfiyyətcə daha da genişləndirilməsinə nail ola biləcəyi deməkdir. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq.

Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı, eləcə də müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması bunları təsdiq edir. Bu isə Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlığın daha da dərinləşəcəyi anlamına gəlir. Bütövlükdə, Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətliydi. Ərdoğanın yenidən prezident seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq”.

Xəbər xətti