Pekinin Ankaranı əvəz etməsinə Qərb müsbət baxmır

SİYASƏT bölməsi

13:12 - 26 May 2023

 Pekinin Ankaranı əvəz etməsinə Qərb müsbət baxmır

Rusiyanın Baxmut şəhərini işğal etməsi müharibəni uzadacaq. Ukrayna bu şəhəri itirsə də, əks-hücum əməliyyatlarından imtina etməyib. Belə vəziyyətdə tərəflər arasında danışıqlar real deyil. Türkiyə müharibəni dayandırmaq üçün bir ara vasitəçi kimi çıxış etsə də, müharibənin artan şiddəti qarşısında geri çəkildi. İstanbulda bir neçə görüş keçirilsə də, nəticə əldə edilmədi. Ankaranın vasitəçiliyində əsas uğur “taxıl anlaşması” oldu. Ancaq danışıqların çətin irəliləməsi anlaşmanın hər dəfə uzadılmasına ehtiyac yaradır.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Pekin Ankaranın yerini tutmağa çalışır:

“Çin lideri Si Szinpin Rusiyaya iki günlük səfərindən bir müddət sonra Ukrayna Prezidenti Vladimir Zelenskiylə telefonla danışdı. Ancaq vasitəçi olmaq üçün bu kifayət etmir. Bu səbəbdən Si Szinpin Kiyevə nümayəndəsini göndərdi. Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huin Ukraynadakı müharibənin həlli yollarını tapmaq məqsədilə birinci Kiyevdə, sonra isə Polşa, Fransa, Almaniya və Rusiyada da müzakirələr apardı. Lakin Pekinin bu təşəbbüslərinə baxmayaraq, nəticə yoxdur. Pekinin müharibənin dayandırılması üçün bir neçə ay əvvəl hazırladığı 12 bəndlik təkliflər paketi də işə yaramadı. Bu təkliflərin ən böyük qüsuru Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsinə dair bir cümlənin belə olmamasıdır”.

E.Şahinoğlu bildirib ki, Qərb ölkələri Pekinin səmimiyyətinə inanmır:

“Fransa Prezidenti Emmanuel Makron deyib ki, Ukrayna müharibəsinə görə Rusiya faktiki olaraq Çinin vassalına çevrilib. “Böyük yeddilər”in Yaponiyadakı toplantısında liderlər Çinə çağırış edərək, müharibənin dayandırılmasında Pekinin Kremlin siyasətinə təsirinin vacibliyini vurğulandı. Pekinin isə müharibənin və işğalın dayandırılması məqsədilə Kremlə təsir etmək fikir yoxdur.

Vaşinqton və Brüssel Pekinin Rusiya ilə Ukrayna arasında vasitəçi olmasına imkan verməyəcək. Kiyev Çinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini müsbət qiymətdirsə də, Ukrayna Qərbin maliyyə və hərbi yardımından asılı vəziyyətdədir. Kiyev Vaşinqton və Brüsselin rəyini nəzərə almaq məcburiyyətindədir”.

Yenipress.az

Xəbər xətti