Muğam müsabiqəsinin güneyli qalibi Bakıya gəldi

MAQAZİN bölməsi

13:51 - 17 May 2023

 Muğam müsabiqəsinin güneyli qalibi Bakıya gəldi

Güneyli xanəndə, “Beynəlxalq Muğam Müsabiqəsi-2017”nin laureatlarından olan Məcid Əsrinin Yenipress.az-a müsahibəsi:

- Məcid bəy, bir müddət öncə Bakıya gələcəyinizi demişdiniz və gəldiniz.

- Bakıya Beynəlxalq Uşaq Muğam Müsabiqəsində iştirak etmək üçün gəlmişik. Mayın 18-dən 20-nə kimi keçiriləcək müsabiqədə bir çox ölkədən iştirakçılar var. Onu da vurğulayım ki, hər il Azərbaycanda keçirilən bu müsabiqəyə Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistandan gəlib, qatılanlar olur.

- Müsabiqədə kim iştirak edəcək?

- İki tələbəmlə gəlmişəm: 9 yaşlı Salar Purmöhsüni və 12 yaşlı Möhsün Kərimi. İstedadlı uşaqlardır. 4-5 yaşından onlarla məşğul olur, muğam sənətinin incəliklərini öyrədirəm. İlk dəfədir ki, Azərbaycana gəlirlər. Çox sevinirlər. Onlar üçün Bakı maraqlı oldu.

- Bir zamanlar özünüzün iştirakçısı olduğunuz muğam müsabiqəsinə bu gün tələbələrinizlə gəlirsiniz. Hissləriniz maraqlıdır...

- Özüm Muğam müsabiqəsindən böyük bir yol keçmişəm. Yaşım az olsa da, təcrübəm var. Əlbəttə, xatirələrimdən, ustadlarımdan, təcrübələrimdən, öz tələbələrimə bəhs edirəm. Düzgün səhnə mədəniyyətindən, ifaçılıq məharətindən, peşəkarlıqdan danışıb, birgə müzakirələr aparırıq. Onları doğru istiqamətləndirməyə və həvəsləndirməyə çalışıram.

- Ümumiyyətlə, Muğam müsabiqəsi haqqında nə düşünürsünüz?

- Bu müsabiqələr çox önəmlidir. Gələcəyimizdə əhəmiyyətli rol oynaya bilir. Kimliyimiz və mədəniyyətimizin qorunmasında bu tip müsabiqələrin olması vacibdir. 2017-ci ildə Məcid Əsri müsabiqəyə qatıldı və burada 3-cü yer qazandı. İrana qayıdıb muğam tədris etdi. Bu hamısı muğam müsabiqələrinin meyvəsidir. Dünən müsabiqədə uğur qazanan gənc öz yerini gənclərə, uşaqlara verir. Beləliklə, muğam sənətimiz yaşayır və nəsildən-nəslə ötürülür.

- Muğam ustadlarımızdan məsləhət alırsınız?

- Muğam ustadlarımızdan hər zaman məsləhət almışıq. İndi də alıram. Onların fikirləri bizim üçün çox önəmlidir. Hazırda Asəf Zeynallı adına Musiqi Kollecində müsabiqə öncəsi məşqlərimiz davam edir. Burada  müəllimlər bizi gözəl qarşıladılar. Həvəslə zaman ayırır, bildiklərini nə məndən, nə də uşaqlardan əsirgəyirlər.

- Repertuarı müəyyənləşdirmisiniz?

 - Mahnı seçimi haqqında danışmaq hələ tezdir. Bunu müsabiqədə çıxışımız zamanı tamaşaçılar və münsiflər heyəti görüb, dəyərləndirəcəklər.

- Musiqi yarışmasında tələbələrinizlə bağlı gözləntiləriniz nədir?

- Uşaqlarla birgə çox çalışmışıq. Psixoloji baxımdan da uşaqların üzərində daima işləyirəm. Təkcə muğamla bağlı deyil, həyatlarında da inamla yaşamaları və özlərinə güvənmələri üçün onlara dəstək oluram. Nə zamansa böyük şəxsiyyətlərdən və dahilərdən biri olacaqlarına inanmalarını istəyirəm. Özüm də uşaqlıqdan bu inanclarla yaşamışam. İndi bacardıqca, öz istedadlı tələbələrimə bunu aşılamağa çalışıram. Qələbəmizə və uğur qazanacağımıza öncədən əminəm. Çünki müsabiqəyə çox yaxşı hazırlaşmışıq. Zəhmət çəkmişik. Mən hətta hər iki tələbəmin yer qazanacağına ümidliyəm.

Yenipress.az

Xəbər xətti