Hafiz Hacıyevdən şok: erməni dostumla bu gün də əlaqəm var

GÜNDƏM bölməsi

20:28 - 12 May 2023

 Hafiz Hacıyevdən şok: erməni dostumla bu gün də əlaqəm var

Son günlər Zod istiqamətində baş verən döyüşlər bu kəndlə bağlı məsələləri yenidən gündəmə gətirib.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, Zodda dünyaya gələn tanınmış simalardan biri də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

O, müsahibəsində doğulub boya-başa çatdığı kənd haqda danışan zaman maraqlı məqamlara toxunub. Xüsusən erməni “dost”ları haqda da sensasion məlumatları bölüşüb. Qeyd edək ki, indi oxuyacaqlarınız Azərbaycan mətbuatında ilk dəfə dərc olunur.

Hafiz Hacıyevin sözügedən mövzu ilə bağlı verdiyi müsahibəni təqdim edirik:

– Hafiz bəy, bildiyimiz qədərilə Zod kəndində dünyaya gəlmisiniz. Ata-baba yurdunuzla bağlı xatirələriniz bölüşərdiniz…

– Bəli, mən Zod kəndində anadan olmuşam, məktəbi də orada bitirmişəm. Bizim kəndimiz Ermənistanda azərbaycanlıların ən böyük kəndi idi. Hələ o zaman orada təxmini 10 minə yaxın vətəndaş yaşayırdı. Zod qızıl kombinatı da bizdə idi, böyük əhali, gözəl inkişaf var idi. Ermənilər bunu çox gözəl bilirlər.

– Bəs necə oldu ki, o kəndi itirdik?

– Hələ Sovet dönəmində Azərbaycan Nazirlər Kabinetinin sədri Həsən Seyidov SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla birlikdə qızıl kombinatına gəlmişdilər. O vaxt həmin kombinatın Azərbaycana aid olduğunu hər kəs bilirdi. Sonra həmin bu Rıjkov demişdi ki, burada sənin-mənim etməyək, bura Sovetindir. Zod Göyçənin ən böyük və gözəl kəndi idi. Əslində, orada mütəfəkkir, savadlı insanlar yetişib. Təəssüf ki, müharibə torpaqlarımızda yaşamağa imkan vermədi.

– Zod kəndində ermənilər də yaşayırdı?

– Bəli, biz Basarkeçərdə, Zodda ermənilərlə bir yerdə yaşamışıq. Orada yüksək vəzifələrdə çalışmışam. Zod qızıl kombinatında 4 il gənclər briqadasının rəhbəri olmuşam. Hətta o vaxt Brejnev mənə təzə “07” avtomobili hədiyyə etmişdi. Ermənistanda fizika və kimya üzrə olimpiadada qızıl medal qazanmışdım. Bizim İrəvanda böyük fəaliyyətlərimiz olub və onlarla da əlaqələrimiz sıx idi.

Bu gün istər Zod, istər digər torpaqlarımıza ermənilər atəş açırsa, buna susmamalıyıq. Çünki Göyçə, Basarkeçər, Zod Azərbaycan torpağıdır. Biz tariximizi bilməliyik. Amma elə insanlar var ki, tarixdən, siyasətdən xəbəri yoxdur, gəlib ağlına gələni danışır.

– Hafiz bəy, erməni dostlarınız var idi?

– O vaxt bir yerdə işlədiyim, münasibətimizin çox yaxşı olduğu Ruzveld Markaryan var və bu gün də həmin münasibətlər qalır. Ruzveld əslən Qarabağ ermənisidir, vaxtilə Zod qızıl kombinatında direktor vəzifəsini icra edirdi. İndi təqaüddədir. Ruzveld məktəbi Bakıda bitirib, Basarkeçərdə ikinci katib oldu və sonra kombinata direktor gəldi.

– Ən son Markanyanla nə vaxt danışmısınız?

– Sonuncu dəfə bir neçə gün öncə danışmışam. Daha dəqiq desəm, 8-9 gün əvvəl.

– Adətən nə haqda danışırsınız?

– Onunla bir yerdə yaşadığımız illərdən danışırıq. Ona hazırkı vəziyyətin biabırçı həddə çatdığını dedim. Adam özü də bu məsələlərdən bezdiklərini etiraf edir. O, azərbaycanlılardan hər zaman hörmət gördüyünü deyir. Hətta özü də açıq şəkildə onların yolunu birbaşa kəsən rusların olduğunu bildirir. Ermənilər ruslardan və Rusiyanın Qarabağa atdığı terrorçulardan qurtulmağın yolunu axtarırlar.

– Heç ermənilərin bizimlə birlikdə yaşamasını müzakirə edirsiniz?

– Əlbəttə! Ruzveld ermənilərin bizimlə birlikdə yaşamağa razı olduğunu bildirir. Prezident İlham Əliyevin çıxışlarını dinlədiklərini və verdiyimiz vədlərə inandıqlarını deyir. Ruzveld Markaryan Azərbaycanın tərkibində olduqları illərdə daha yaxşı həyat sürdüklərini etiraf edir. Bir sözlə, bunları sıxışdıran Rusiyadır.

– Rusiyanın burada marağı nədir?

– Çünki Rusiya bilir ki, Qarabağda sülh, əmin-amanlıq olduqdan sonra Moskvanın orada izi qalmayacaq. Bəlkə də, məni sevməyənlər bu sözümə güləcəklər, amma mən Xankəndinin meri olmaq istədiyimi deyəndə, Ruzveld sevinir. Deyir, təki sülh olsun və o vəzifəyə gələsən. Qarabağda doğulan, yaşayan ermənilərin hamısı bizimlə yaşamağa razıdır. Təəssüf ki, illər öncə Azərbaycandan qovduğumuz rus, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olur. Sadə ermənilər bunu yaxşı anlayır.

– Nə əcəb Markaryan sülh müqaviləsinin imzalanması üçün Xankəndidə yaşayan ermənilərə müraciət etmir?

– Mən özüm də Markaryandan xahiş edirəm ki, Xankəndidə ağsaqqallıq etsin, insanlara hər şeyi olduğu kimi başa salsın. Orada nüfuzlu, sözü keçən adamdır. Ruzveld deyir ki, Vardanyan və adamları Bakıda görüşün keçirilməsinə imkan vermirlər. Adam açıq şəkildə etiraf edir ki, burada ermənilər danışan kimi, Vardanyanın dəstəsi insanlara təzyiq göstərirlər.

– Sizcə, sülh müqaviləsi hansı halda imzalana bilər?

– Hesab edirəm ki, artıq ikitərəfli görüşlər keçirilməlidir. Burada üçüncü tərəf olduqca, heç bir sülh əldə edə bilməyəcəyik. Nikol Paşinyan ha çalışır ki, bir iş görsün, amma Ermənistandakı 5-ci kolon buna imkan vermir, özbaşına müharibə aparırlar. Bu da onu göstərir ki, Paşinyan da Rusiyadan qorxur.

– Bunu hansı əsasla deyirsiniz?

– Xankəndidəki apardığımız danışıqlar bizə əsas verir ki, sülh müqaviləsi bağlaya bilərik və Xankəndidəki ermənilər də bizimlə birlikdə yaşamağa tam razıdırlar. Təəssüf ki, hakimiyyət daxilində cənab prezidentə xəyanət edənlər var. Vaxtilə ölkə başçısına qarşı çıxanlar, bu gün Şuşada yallı gedirlər. Həm daxildə, həm də xaricdə dostumuzla düşmənimizi tanımalıyıq artıq. İkitərəfli görüş keçirib, torpaqlarımıza geri dönməliyik…

Xəbər xətti