Ukrayna gərginliyi: kim udur, kim uduzur – Bakı nələr itirir...

GÜNDƏM bölməsi

23:45 - 20 Fevral 2022

 Ukrayna gərginliyi: kim udur, kim uduzur – Bakı nələr itirir...

Ukrayna ətrafənda baş verən hadisələr öz pik nöqtəsinə çatmaq üzrədir, məşhur ifadədə deyildiyi kimi, “Əgər tamaşanın əvvəlində divardan tüfəng asılıbsa, axırda mütləq ondan güllə açılmalıdı”.

Amma gəlin analiz etməyə çalışaq, bu gərginlikdən kim udur, kim uduzur, və ya ölkələrin daxili siyasəti ilə xarici siyasəti arasında təzadlar olurmu, yoxsa bunlar bir-birinin davamıdır?!

ABŞ: Ukrayna ətrafında baş verən hadisələrin ən böyük benefisiarlarından biri, şübhəsiz ki, ABŞ-dır. Hadisələr nəticəsində Rusiyanı daim gərginlikdə saxlayır, Moskvanın Avropa neft-qaz bazarından sıxışdırılması üçün əlində rıçaqlar yaradır, Ukraynanı “antirusiya” projesinə çevirməklə öz maraqlarını ikinci ən böyük slavyan ölkəsində təmin edir.

Rusiya: Qlobal təhlükəsizlik paradiqmasında uzun müddət iqnor edildiyinin fərqinə vardı, dünyanın əsas diqqət mərkəzinə çevrildi, sətiraltı mesajlarla, “Krımı tərkibimizdə tanıyın, Ukrayna da buna razı olsun, Krımın güc yolu ilə qaytarılması fikrindən əl çəksin, bəlkə o zaman Ukraynanın NATO-ya daxil olmasına göz yuma bilərik”, deyir, Donbasda 800 min vətəndaş artıq qazanıb, daha 2 mln. da qazana bilər, sonucda qondarma “dxr və lxr”i də tanıyıb öz hərbi plasdarmına çevirməyi düşünür. Kreml öz addımları ilə AB ölkələri arasına nifaq salıb, maraqlar konflikti yaratmağa nail olub, AB ölkələri arasında Almaniya və Fransa kimi Avropanın təməlini təşkil edən iki ölkə ilə ayrıca təmas kanalları quraraq, “anqlo-sakslar əsrlərdir bizi bir-birimizə qırdırıb, bizim üst-üstə düşən çoxlu maraqlarımız var” mesajını yaymağa, dərinləşdirməyə çalışır.

Ukrayna: Rusiyanın aqressiv və imperialist siyasəti nəticəsində Krımı və Donbasın bir hissəsini itirsə də, dünyanın diqqətini özünə çəkməyə, “Rusiya aqressiyasının Avropaya yayılması yolunda son qala bizik” mesajını verməyə çalışır. Gərginlik nəticəsində müasir silahlar və maddi yardımlar alır, ordusunu gücləndirir, NATO standartlarına çatmaq üçün, məsələn, 5 ilə gedəcəyi yolu 1 ilə qət edir. Amma ciddi təhlükələrlə də üz-üzədir: biznes Ukraynadan vəsaitini çıxardır, Ukraynanın siyasi elitasının bir qismi, yüksək məmurlarının bir hissəsi hələ də Kremlə açıq və gizli bağlıdır, ölkə hələ də içdən təmizlənməyib. Çox təəssüf ki, böyük torpaq itkisi ilə üzləşəcək (əslində artıq üzləşib – Krım və Donbas), amma Kremlin caynaqlarından qurtulmaq üçün də böyük şans əldə edəcək. 

Avropa Birliyi. Açığı, bu gərginlikdən ən çox uduzan hələ ki, məhz Avropa ölkələridir – Rusiya AB üçün tək “qaz anbarı” və “yanacaqdoldurma stansiyası” deyil, həm də böyük bazar və ciddi iqtisadi dividentlər deməkdir. Əgər “dəmir pərdə” yenidən Rusiya ilə Qərb arasına salınsa, bundan ən çox Avropa ölkələri ziyan görəcəklər – enerji daşıyıcıları daha da bahalaşacaq, inflyasiya artacaq, Avropa biznesi onmilyardlarla ziyan görəcək.

Çin: Bu proseslərdən çox uzaqda görünsə də, Çin gərginlikdən ən çox udan tərəflərdən biridir – Rusiyanı özünə möhtac hala salıb, əgər Rusiyaya qarşı kəskin sanksiyalar olsa, Moskvanın Pekinə möhtaclığı dəfələrlə artacaq, Çin daha ucuz neft-qaz alacaq, Rusiyanın təbii resurlarına daha asan çıxış əldə edəcək.

Keçmiş postsovet ölkələri: Qərbin son illərdə səhv siyasəti nəticəsində Rusiya postsovet ölkələrində çox gücləndi, Belarusu artıq vilayəti kimi idarə edir, Qazaxstanda istədiyi konfiqurasiyanı tam qurdu, Orta Asiya respublikalarının hər birində gücləndi (hələlik, bir tək Özbəkistan xaric, amma orda da elə dərin konflikt ocaqları var ki, qısa müddətə oraları Rusiya qan çanağına döndərə bilər), Moldovanı gah qaz təminatı ilə “boğur”, gah da yaradıb idarə etdiyi növbəti qondarma qurum olan “Dnestyanı respublika” ilə təhdid edir. Qafqazda Xankəndidə əlavə hərbi güc mərkəzi yaratdı, Ermənistanda hələ də əsas oyun qurucudur, Gürcüstanın 18%-dən çox torpağını işğal edib, iqtisadi olaraq indi daha çox özündən asılı vəziyyətə salıb. Belə vəziyyətdə “dəmir pərdənin” yenidən enməsi keçmiş postsovet ölkələrini çox çətin seçim qarşısında qoyacaq – Kremlin hər birinə dərindən təsir etmək imkanları var, Qərb isə buraların (Ukrayna və Gürcüstan xaric) Moskvanın arxa bağçası olması fikri ilə barışıb.

Bizim məmləkətə gəldikdə çox ciddi təhdid və təhlükələrə baxmayaraq, hələ də Azərbaycan xarici siyasətinin uğurlu konfiqurasiyasının “meyvələrini dərir”, amma daxili siyasətin bədbad olması əlimizi zəiflədir. Bu sözə qıcıq olan kəsm var – arqument gətirmədən, “daxili siyasəti bərbad olanın xarici siyasəti uğurlu ola bilməz, və ya daxili siyasəti yaxşı olanın, xarici siyasəti uğurlu olmalıdır, çünki bunlar bir-birini tamamlayır” deyirlər. Çox zəif, hətta mənasız tezisdir, dünyada onlarla bunun əksini sübut edən nümunələr var – Gürcüstanın çox uğurlu daxili siyasəti, islahatlar dövrü oldu, amma xarici siyasətdə olan yanlışlıqlar ciddi torpaq itkilərinə səbəb oldu. Və ya elə ABŞ-ın özü, çox yaxşı daxili siyasətləri, demokratiyaları, prinsipləri var, amma xarici siyasətdə onlarla yanlışları, səhvləri, prinsipsizlikləri olub, var, olacaq da. Tərsini sübut edən nümunələr də var – məsələn, Sinqapurin çox maraqlı, çoxşaxəli xarici siyasəti, qoruma qalxanları var, daxili siyasətdə demokratiya, haqq və azadlıqların qorunması çox zəifdir, amma hüququn üstünlüyü, ədalətli məhkəmə sistemi də var.

Dediyim kimi, siyahını uzada da bilərəm, amma məqsədim başqadır: Son illərdə olduğu kimi, bir daha hamımızı, əsas da hakimiyyəti düşünməyə dəvət edirəm. Uğurlu xarici sisasətin ən zəif nöqtəsi bərbad daxili idarəetmə modeli, ədalətsizlik və hüquqsuzluqdur. “Təkadam” sistemi artıq problemə çevrilib, elə xarici siyasət üçün də təhlükələr yaradır – ona görə də acilən yeni Konstitutsiya qəbul edilməlidir, çünki ölkədəki bütün sosial-iqtisadi problemlərin kökü kadrlarda deyil də, məhz sistemin özündədir.

Natiq Cəfərli

Xəbər xətti


Digər xəbərlər