Aqil Abbas jurnalistlərin mitinqini necə dağıtdı?

GÜNDƏM bölməsi

19:34 - 1 Aprel 2023

 Aqil Abbas jurnalistlərin mitinqini necə dağıtdı?

...Mitinq "Azərbaycan" nəşriyyatının qarşısına təyin olunmuşdu. Səbəb nə idi, jurnalistlərt nə tələb edirdi, indi xatırlamıram. Paytaxtın, demək olar ki, bütün mətbuatının rəhbərləri və nümayəndələri burada idi. 

Polis nəşriyyatın binasını mühasirəyə almış, o zamankı Mətbuat prospektinə qoşulan yolları bağlamışdı. Əməliyyata Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Yaşar Əliyev şəxsən rəhbərlik edirdi. O bir qədər kənarda xidməti maşının açıq qapısının ağzında dayanmış, ətrafı diqqətlə süzür və ratsiya vasitəsilə çatdırılan məlumatlara müvafiq reaksiaya və göstərişlər verirdi.

Jurnalistlər qol-qola tutuşub irəliyə cumur, bu zaman polislər də eyni şəkildə qol-qola verib onları nəşriyyatın pilləkənlərinə doğru sıxışdıraraq yolu açırdılar. 
Bir az beləcə keçəndən sonra jurnalistlər yenidən tutuşaraq, şüarlar söyləyərək irəliləyir və yolu tamam tutur, az sonra yenə də polislər mövqeni ələ alaraq jurnalistləri yoldan çıxıb pilləkənlərə doğru çəkilməyə məcbir edirdi.
Səs-küy, çığır-bağır aləmi bürümüşdü...
Bu şəkildə xeyli davam elədi...

Elə bu zaman nəşriyyatın şüşəli qapılarının ağzında "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas göründü. 
Əynində tünd gilənar rəngində palto, qoltuğunda qovluq var idi. Qalstuk taxmamışdı, köynəyinin yaxalığı dik durmuşdu. Paltonun da yaxalığını qulaqlarını örtənəcən qaldırmışdı...

Aqil Abbas bir neçə dəqiqə pilləkanın başında dayanıb mənzərəyə tamaşa elədi. Sonra orta sürətli addımlarla aşağı endi. Jurnalistlər aralanıb ona yol verdilər. O, həmkarlarının arasından keçib polislərə tərəf addımladı. Birdən polislər də dayanıb bir-birindən aralanaraq ona yol açdılar. Aqil müəllim Yaşar Əliyevə doğru getməyə başladı. Ona çatanda Yaşar Əliyev də əlindəki cihazı maşına atıb Aqil Abbasa tərəf addımladı. Əvvəlcə əl tutub görüşdülər, sonra möhkəm qucaqlaşdılar.
Təsadüf elə gətirmişdi ki, mən lap yaxınlıqdaydım və dialoqu eşidirdim.

Aqil Abbas ondan azacıq aralnıb dedi:
- Necəsiniz, Yaşar müəllim, nə var, nə yox?
- Sağlığınız, - deyə rəis müavini cavab verdi. - Sağ olun. Siz necəsiniz?
- Belə də, babat, - Aqil müəllim çiynini çəkib gülə-gülə dedi. - Amma inanırıq ki, hər şey yaxşı olacaq.

Sonra baş redaktor sifətində olduqca ciddi bir ifadə ilə, hətta sanki bir az da həyəcanla üzünü həmsöhbətinə tutdu:
- Xeyirdimi bura gəlməkdə? - sanki nəşriyyatın qabağında baş verənləri görmürmüş kimi bir addım da irəli atıb davam elədi. - Nə olub?
Yaşar Əliyev duruxdu...
Sonra mızıldadı:
- Əşi heç... elə belə... 
- Saallah xeyirdimi? - Aqil Abbas daha ciddi tonda soruşdu.
- Deyirəm heç nə, - yüksək rütbəli polis zabii tərəddüdlə onun üzünə baxdı. - Elə-belə, burdan keçirdik... - ardını gətirmədi.
- Sən Həzrət Abbas xeyirdimi? - baş redaktor əl çəkmədi.
- Əşi vallah heç nə...
Qısa pauzadan sonra:
- Mənə aid bir qulluq? - deyə Aqil müəllim əlini ona uzatdı.
- Qulluq sahibi ol, çox sağ ol, - Yaşar müəllim də öz əlini ona uzatdı.
Bu dəfə yüngülcə qucaqlaşdılar.
Aqil Abbas dönüb maşınına tərəf getdi. 

Aqil Abbasın maşını jurnalistlərin arası ilə yavaş-yavaş keçib, yola çıxıb gözdən itənəcən Yaşar Əliyev onun arxasınca baxdı. Sonra dönüb yanındakı zabitlərə başı ilə işarə edib nə isə dedi. Mənə elə gəldi ki, "adboy" dedi. Çevrilb öz maşınına oturdu. Maşın dərhal yerindən tərpəndi və polis kordonunun aralanaraq açdığı yolla şütüyüb gözdən itdi.
 
Onun dalınca bütün polis maşınlarının və polislərin ərazini tərk etməsi cəmi bir neçə dəqiqə çəkdi. Jurnalistlərin yanında bir nəfər də olsun polis qalmadı.

...Təxminən beş dəqiqədən sonra jurnalistlər də sakitcə dağılışdılar...
Yarısı qayıdıb binaya girdi, qalanıların da hərəsi iki-bir, üç-bir müxtəlif istiqamətlərə üz tutdular.
Beləcə Aqil Abbas jurnalistlərin mitinqinə bu şəkildə yekun "vurdu".)

Jurnalist Kərim Kərimli

Xəbər xətti