FHN-in ləğv ediləcəyi xəbəri yayıldı – Rəsmi açıqlama

TOPLUM bölməsi

16:27 - 31 Mart 2023

 FHN-in ləğv ediləcəyi xəbəri yayıldı – Rəsmi açıqlama

Martın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzdində olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi. Bundan sonra Dövlət Su Ehtiyatları Agentliyinin FHN-in tərkibindən çıxarılaraq, müstəqil qurum kimi fəaliyyət göstərəcəyi məlum oldu.

Yeni qurum yaradıldıqdan sonra mediada FHN-in qurumlarının ləğv ediləcəyi və nazirliyin bu şəkildə ömrünü başa vuracağı yazıldı. Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə isə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin yaxın vaxtlarda ləğv edilərək müstəqil qurum kimi fəaliyyət göstərəcəyi qeyd edilib.

Yenipress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a yayılan xəbərlərin əsassız olduğu bildirilib:

“İdarənin ləğvi ilə bağlı yayılan məlumat doğru deyil. Bizdə belə bir xəbər yoxdur və sənədləşdirilmə işləri aparılmır. Xəbəri kimin və nəyə görə yazması barədə heç nə deyə bilmərik. Hər hansı bir qurumun yaradılması və ləğv edilməsi cənab Prezidentin səlahiyyətindədir. Nəyi nə vaxt edəcəyini də özü bilir”.

İqtisadçı ekspert Natiq Cəfərli xəbərin yayılmasını keçmiş zamanla əlaqələndirib:

“Əvvəl belə bir nazirlik olmayıb və yanğınsöndürmə idarəsi Daxili İşlər Nazirliyinə (DİN) tabe idi. Yəqin ki, insanlar bu mənada düşünür ki, yenidən qurum köhnə sistemə qayıdacaq. FHN “Azərsu” və Meliorasiyadan fərqli olaraq mənfi planda müzakirələrə səbəb olacaq bir iş görməyib. Lakin “Azərsu” və Meliorasiya eyni məsələlərlə məşğuldurlar və zaman-zaman səlahiyyətləri ilə məsuliyyətləri kəsişirdi, hətta problemləri bir-birilərinin üzərinə atırdılar. Bundan sonra bir mərkəzdən idarə olunmaları daha məntiqli olacaq. Amma FHN-in ləğvi ilə bağlı ictimaiyyətdə ciddi müzakirələr yoxdur. Heç yaxın gələcəkdə belə bir qərarın veriləcəyini də düşünmürəm. Çünki bu sistem fəaliyyətdədir və nazirlik səviyyəsində ciddi qüsur və problemlərin olması haqda nəsə demək çətindir”.

Globalinfo.az xatırladır ki, FHN 16 dekabr 2005-ci ildə yaradılıb. Bu müddət ərzində ölkədə baş verən təbii fəlakətlər, texnogen qəzalar, yol-nəqliyyat hadisələri zamanı qurumun fəaliyyəti xüsusilə seçilib. Düzdür, nazirlik zaman-zaman müxtəlif səviyyələrdə tənqid də edilib.

Zaman keçdikcə ictimaiyyətdə FHN-lə bağlı fikirlər dəyişdi. Nazirlik fövqəladə şəraitlərdə gördüyü peşəkar işlərlə ictimai rəğbət qazandı. Güvənilir bir ünvana çevrildi. Hazırda mediada da Fövqəladə Hallar Nazirliyi ilə bağlı tənqid azalıb. Görünür, bu, sırf peşəkar fəaliyyətlə bağlıdır.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti xaricdə də diqqət çəkib. Məsələn, 2021-ci ilin avqust ayında Türkiyədə meşə yanğınları zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti qürurverici idi.

Bu ilin fevral ayında Türkiyənin bir neçə şəhərində zəlzələ zamanı Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri, həkim briqadaları peşəkar fəaliyyətlə seçildilər. Onlarla insanı dağıntılar altından çıxardılar. Hər iki hadisədə Türkiyədə FHN əməkdaşları barədə müsbət rəylərə rast gəlindi.

Xəbər xətti