Çin lideri Kiyevə niyə getmək istəmir?

SİYASƏT bölməsi

12:00 - 31 Mart 2023

 Çin lideri Kiyevə niyə getmək istəmir?

Çin lideri Si Szinpin iki günlük Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə etmişdi. Bundan əvvəl isə Çin lideri müharibənin dayandırılması üçün 12 maddəlik təkliflərini irəli sürmüşdü. Pekin Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyirdi. Buna görə də Si Szinpinin Moskva səfərindən sonra “Çin lideri Moskvadan sonra Kiyevə də gedib Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəkmi” sualı aktuallaşdı.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ukrayna prezidenti Pekinin vasitəçilik təşəbbüslərini rədd etməyib, sadəcə Si Szinpinlə üzbəüz görüşüb fikir mübadiləsi aparmaq istəyir:

"Zelenski Si Szinpini Kiyevə səfər dəvət edib. Pekindən cavab yoxdur. Zelenskinin sonuncu dəfə Çin lideri ilə təması müharibədən əvvəl olub. Müharibə başlayandan sonra liderlər görüşməyib".

Politoloq "Çin lideri niyə Kiyevə getmək istəmir" sualına isə belə aydınlıq gətirib:

"Birincisi, Si Szinpin Moskva ilə siyasi və iqtisadi zəminlərdə strateji tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. O Kiyevə gedib Ukrayna prezidenti ilə görüşməklə Kreml sahibi Vladimir Putinlə tərəfdaşlığına kölgə salmaq istəmir. Pekin Rusiyadan ucuz neft və qaz almaqda maraqlıdır.

İkincisi, Pekin Vladimir Zelenski Vaşinqtonun müttəfiqi sayır. Pekində hesab edirlər ki, Zelenski Vaşinqtonun təlimatları əsasında hərəkət edir. Si Szinpin bu səbəbdən də Kiyevə gedib Zelenski ilə görüşmək istəmir.

Si Szinpin Zelenski ilə görüşmədən Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilməyəcək. Əslində Pekin vasitəçi olmaq da istəmir, sadəcə Si Szinpin Qərbin Çinə qarşı artan təzyiqlərindən qurtulmaq üçün özünü “sülhdə maraqlı olan tərəf” kimi göstərmək istəyir. Ancaq bu alınmır. Pekinin vasitəçiliyinin Rusiyanın xeyrinə olduğunu hamı anlayır. Misal üçün Si Szinpin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, “Rusiyanın müharibəyə başlama səbəblərini anlayırıq” fikrini bir neçə dəfə səsləndirib. Yəni Si Szinpin demək istəyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla beynəlxalq hüququ pozmayıb, Kreml “həyati maraqlarından çıxış edib”. Görünür, Si Szinpin ona da işarə edib ki, Ukrayna Kremlin tələbi ilə NATO və Avropa İttifaqı üzvülüyndən imtina etməliydi.

Si Szinpinin 12 maddəlik təkliflərində Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyi göstərilməyib. Təklifllərin ümumi mahiyyəti budur ki, tərəflər arasında atəşkəs elan olunsun. Qarabağ nümunəsində atəşkəsin nəyə səbəb olduğunu bilirik, bu işğalın rəsmiləşdirilməsinə şərait yaradır. Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunarsa İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə - Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda olduğu kimi Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisini tərk etməyəcək və uzun onilliklər Kiyevlə Moskva arasında nəticəsi olmayan danışıqlar davam edəcək. Bu isə Rusiyanın maraqlarına uyğundur".

Yenipress.az

Xəbər xətti