Putin Ərdoğanla yola davam etmək istəyir – Politoloq

DÜNYA bölməsi

22:00 - 30 Mart 2023

 Putin Ərdoğanla yola davam etmək istəyir – Politoloq

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edib, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Akkuyu” atom elektrik stansiyasının birinci mərhələsinin açılışında iştirak etmək istəyir.

Yenipress.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Lavrovun Türkiyə səfərinə toxunaraq gündəmdə olan məsələlərdən söz açıb.

“Putindən əvvəl isə xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə iki ölkə arasındakı əməkdaşlığının inkişafını, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyəti müzakirə edəcək”.

O Çavuşoğlunun nazir kimi Lavrovla son görüşünün olacağını bildirib:

“Çünki Ərdoğan elan edib ki, prezident və parlament seçkisindən sonra yeni kabinet formalaşacaq, indiki nazirlər isə millət vəkilliyi yarışına qatılacaqlar. Mövlud Çavuşoğlu doğulduğu Antalyadan namizədliyini irəli sürəcək. Ərdoğan prezident seçkisində məğlub olarsa, bu onun da dövlət başçısı kimi Putinlə son görüşü olacaq. Türkiyədə prezident seçkisi “Akkuyu” atom elektrik stansiyasının açılışından 16 gün sonra gerçəkləşəcək”.

Politoloq Putinin seçkilərdə Ərdoğanın qalib gəlməsinə maraqlı olduğunu diqqətə çatdırıb:

“Putin Ərdoğanla yola davam etmək istəyir, onunla 20 ildən uzun müddətdə enişli-yoxuşlu yol qət edib, tərəfdaşının xaraktetinə bələddir.  Ancaq seçkidə fərqli nəticə olacağı, yəni Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək, sadəcə Putinin yeni prezidentə və onun siyasətinə alışması vaxt tələb edəcək”.

Yenipress.az

Xəbər xətti