Azərbaycan dövləti öz iradəsini göstərdi – Ekspert

SİYASƏT bölməsi

11:39 - 30 Mart 2023

 Azərbaycan dövləti öz iradəsini göstərdi – Ekspert

Son 3-4 ay ərzində Qarabağda baş verən proseslər, yəni separatçıların rus sülhməramlıların müşayiəti ilə Xankəndiyə silah-sursat daşıması, Ermənistanın prosesdə aktiv iştirakı Azərbaycanı ciddi şəkildə narahat etməyə başlayıb. Bir neçə dəfə sözügedən istiqamətdə dövlətimizin aidiyyəti qurumlarının çox sərt xəbərdarlıqları da oldu.

Bu sözləri Yenipress.az-a açıqlamasında hərbi ekspert Ramin Məmmədli bildirib.

Hərbi ekspert son addımın dövlətimizin gücünü göstərdiyini vurğulayıb:

“Hələ ötən ilin oktyabr ayında Azərbaycan Ordusunun Laçın dəhlizinin Ermənistanla sərhəddəki hissəsində sərhəd keçid məntəqəsi qurmalı və ətrafdakı əraziləri nəzarətə götürməli olduğu haqqında danışmışdıq. Hesab edirəm ki, Müdafiə Nazirliyinin yaydığı son məlumat Azərbaycanın artıq dövlət kimi öz iradəsini nümayiş etdirdiyini göstərir. Bu, dövlətimizin öz ərazisində suverenliyini, sabitliyi təmin etmək üçün atdığı addımlardan biridir. Fikrimcə, növbəti mərhələdə Azərbaycan yeni istifadəyə verilən Laçın yolunda Daxili Qoşunların patrul postlarını da təşkil edəcək. Həmçinin Ermənistandan ölkəmizə keçən şəxslər, yük və minik maşınları və s. beynəlxalq hüququn prinsipləri və qanunvericiliyimizin tələbləri çərçivəsində yoxlanılacaq. Çünki başqa cür effektivliyin təmin etmək mümkün deyil. Ona görə də Ermənistan Zabux kəndi və Laçın şəhərində möhkəmlənmək, oranı itirmək istəmirdi. Çünki Xankəndiyə nəzarətlə bağlı çətinliklərinin artacağını bilirdilər. Özünü separatçı tör-töküntülərin başçısı elan edən Araik Arutyunyanın son açıqlamasından da onların qarşıda meydana gələ biləcək toqquşmaya hazırlaşdıqları hiss olunurdu”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi son açıqlamasında yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüldüyünü bildirib.

Yenipress.az

Xəbər xətti