Korona pasportu tələbi ləğv edildi: Vaksinasiya olmayacaq? - Rəsmi

SAĞLIQ bölməsi

16:20 - 28 Mart 2023

 Korona pasportu tələbi ləğv edildi: Vaksinasiya olmayacaq? - Rəsmi

Dünən Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Belə ki, Azərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib.

Bununla bağlı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.

COVID-19 pasportu tələbinin ləğvini nəzərə alsaq, vaksinasiya davam edəcəkmi? İstənilən şəxs əvvəlki qaydada və seçdiyi vaksini pulsuz şəkildə vurdura bilərmi? Yaxud məntəqə sayında dəyişiklik varmı, yoxsa əvvəlki qaydada davam edir?

Yenipress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva Cebhe.info-ya açıqlamasında bildirib ki, vaksin sertifikatının ləğv olunması vaksinasiyanın dayandırılması demək deyil:

"Vaksinasiya tibbi profilaktik tədbirdir, bir çox yoluxucu xəstəliklərlə mübarizədə tətbiq olunur. Hazırda vaksinasiya sadəcə tibbi baxımdan tövsiyə olunur. İnzibati olaraq COVID-19 vaksin sertifikatı tələbi ləğv edilib".

Yaqut Qarayeva bir müddətdir ölkədə COVID-19 vaksininə qarşı peyvəndlənməni həyata keçirən məntəqələrin sayının azaldıldığını qeyd edib:

"Bu qaydaya uyğun bir prosesdir. 2021-ci ildən həyata keçirilən kütləvi vaksinasiya artıq müvəffəqiyyətlə bitib və ölkə əhalisinin bir çox hissəsi nəinki 2 doza, hətta qüvvətləndirici doza ilə peyvənd olunublar".

Qurum rəsmisi hazırda Çin istehsalı vaksinlərdən istifadə olunduğunu deyib:

"Hazırda vaksinasiya yalnız ilkin səhiyyə müəssisələrində pulsuz olaraq yenə də icra olunmaqdadır və ölkə ərazisində Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin tətbiqi mümkündür.

Könüllü prinsiplərlə istənilən şəxslər vaksin olunmaq üçün müraciət edə bilərlər. İmmuniteti zəif olanlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar da arzu etdikləri halda peyvənd oluna bilərlər. Vətəndaşlar peyvənd olunmaq üçün ərazi üzrə təyin olunmuş ilkin səhiyyə müəssislərinə müraciət edə bilərlər".

Xəbər xətti