Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi - Video

TOPLUM bölməsi

13:14 - 18 Mart 2023

 Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi - Video

Bu gün səhər saatlarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlığın yaşanması ilə bağlı görüntülər yayılıb.

Yenipress.az xəbər verir ki, sıxlığın yaranmasına səbəb Dövlət Sərhəd Xidmətinin pasport nəzarət sistemində problem yaranmasıdır. Bu səbəbdən vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub:

“Saat 06:10-dan Dövlət Sərhəd Xidmətinin sistemi donub. Yüzlərlə insan çarəsiz qalıb. Heç kim neytral əraziyə buraxılmır. Sistemin donması uzun növbələrə və narazılığa səbəb olub”, - deyə şikayətçi bildirib.

Qeyd olunub ki, saatlarla sistemin donmasının davam etməsinə baxmayaraq, sərnişinlərə heç bir məlumat verilmir. Həmçinin təyyarə reyslərində də gecikmələrin olduğu deyilir.

Problemlə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etdik. Qurumdan Qafqazinfo-ya bildirildi ki, “İAMAS” sistemində texniki nasazlıq yaranıb və artıq aradan qaldırılıb:

“Martın 18-də “İAMAS” sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib”.

Xəbər xətti