ABŞ: Kiyev iki istiqamətdə hücum edə bilər

TOPLUM bölməsi

11:49 - 16 Mart 2023

 ABŞ: Kiyev iki istiqamətdə hücum edə bilər

ABŞ Ukraynanın əks-hücuma mayda başlayacağını gözləyir.

Yenipress.az xəbər verir ki, bu barədə “Politiko” nəşri amerikalı məmurlara istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, yaz yaxınlaşdıqca ABŞ rəsmiləri Ukraynada döyüş sursatları, hava hücumundan müdafiə vasitələri və təcrübəli əsgərlərin azalmasından daha çox narahatdır:

“Hər iki tərəf Vaşinqtonun strateji əhəmiyyətli hesab etmədiyi Baxmutda döyüşlər aparır. Pentaqonda deyirlər ki, Kiyevin döyüş meydanındakı strategiyasından asılı olmayaraq, ABŞ Ukrayna qoşunlarının döyüşü davam etdirmək üçün lazım olan silahlara malik olmasını istəyir. ABŞ rəsmilərinin hesablamalarına görə, Ukrayna Rusiyanın irimiqyaslı təcavüzündən bəri 100 mindən çox hərbi qulluqçu, o cümlədən təcrübəli əsgər itirib”.

Nəşrin məlumatına görə, Ağ Evdə deyirlər ki, ABŞ-ın 4-5 ay bundan əvvəl göndərdiyi hərbi yardımlar Kiyevin əks-hücumu üçün hədəflənib:

“ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli hesab edir ki, Ukraynaya verilən texnika və ukraynalı əsgərlərin təlimi Kiyev rəhbərliyinə gələcəkdə öz məqsədlərinə çatmaq və bu münaqişəni uğurlu şəkildə hədəfinə çatdırmaq üçün müxtəlif variantlar hazırlayıb həyata keçirməyə imkan verəcək”.

“Politiko”nun yazdığına görə, ABŞ-da düşünürlər ki, Kiyev hələ də strategiya müəyyən etməyib, amma onun iki variantı var. Birincisi, cənubdan Xerson vasitəsilə Krıma irəliləmək, ikincisi isə əvvəlcə şimal mövqelərindən şərqə, daha sonra rusların quru körpüsünü kəsməklə cənuba yollanmaqdır:

“Bununla yanaşı, məmurlar hesab edirlər ki, birinci variant real deyil, çünki Rusiya Dneprin şərqində müdafiə zonasını möhkəmlədib. Ukraynanın isə uğurlu desant əməliyyatı üçün yetərli canlı qüvvəsi yoxdur. İkinci variant daha inandırıcıdır”.

Yenipress.az

Xəbər xətti