Qarabağda SSRİ bayrağını dalğalandırmaq kimin əmridir?

SİYASƏT bölməsi

00:37 - 16 Mart 2023

 Qarabağda SSRİ bayrağını dalğalandırmaq kimin əmridir?

Rusya hərbi kontingentinin Qarabağda rus sərkərdələrinə abidələr qoyması, Xocalıdakı qərargah otaqlarında divarlara sovet generallarının portretlərinin yapışdırması, Şuşa ətrafındakı yollarda keçmiş SSRİ-nin bayraqlarını dalğalandırması ideyası Kreml sahibi Vladimir Putinin şəxsi əmriylə əlaqəlidir.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Turşsuda rus sülhməramlıların müşahidə məntəqəsində keçmiş SSRİ bayrağının qaldırılması ilə bağlı qeyd edib.

“Rusiya prezidenti simvollara diqqət yetirən siyasətçidir. O, keçmiş illərdə qonaqlarını Kreml sarayının o otaqlarında qəbul edirdi ki, həmin otaqdakı heykəl və ya şəkil xarici həmkarına Rusiya imperiyasının həmin dövlət üzərindəki qələbəsini xatırlatsın. Əslində bu şəkildə “qəbul” qonağını aşağılamaq mənası daşıyırdı. İşğal altındakı Xocalıda rus sərkərdələrinə büstlərin qoyulması da Putinin şəxsi təşəbbüsüdür. Ukraynada işğalçı müharibə vasitəsilə keçmiş imperiya sərhədlərini bərpa etməyi planlaşdıran şəxsin başqa ərazilərə də baxışı eynidir. Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan və torpaqlarımızın qalan hissəsini azad etdikdən sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərinin Xocalıda büstlərinə ehtiyac qalmayacaq”, - politoloq bildirib.

Qeyd edək ki, Turşsudakı rus sülhməramlı məntəqəsində keçmiş SSRİ bayrağı bir müddət dalğalanıb, daha sonra isə endirilib.

Yenipress.az

Xəbər xətti