Babəkin gecikdirilən edam əmri...

GÜNDƏM bölməsi

23:54 - 15 Mart 2023

 Babəkin gecikdirilən edam əmri...

Böyük İmperator Babəkin edamı 

14 mart Azərbaycanın Hürrəmiyə İmperatorluğunun hökmdarı, böyük sərkərdə Babəkin Samirə şəhərində edam edilməsi ilə tarixə düşüb.

838-ci ildə edam edilən Babək dünya tarixində qırmızı bayrağı dövlət rəmzi edən ilk hökmdar idi. Onun edam olunması üçün məhz Samirə şəhərinin seçilməsi də təsadüfü deyildi. Samirə ərəbcədən tərcümədə "onu görən sevinir" mənasını verir və Xilafətdə Azərbaycan və digər türk xalqları üçün salınmış şəhərdir. Burda yaşayanların 90 faizi türklər idi və xəlifə Möhtəsim Babəki burda edam etməklə onlara ərəbin türk üzərində gücünü göstərmək niyyəti güdürdü. 

Babək həbsə atılanda İbn əl-Əsir yazır ki, xəlifə Mötəsim də paltarını dəyişərək və kimliyini gizlədərək Babəkin yanına gəlib və onunla söhbət edib. Qızıl möhürlü aman məktubu ona təqdim edir, amma Babək bunu qəbul etmir. O dəfələrlə Babəki öz ətrafına çəkib ordu Komandanı etmək istəyirdi. Düz 2 ay 10 gün Möhtəsim Babəki edam etmək əmrini gecikdirir, səbəbi isə onu öz ətrafına çəkmək niyyəti idi. 

Ərəb mənbələri yazır ki, Möhtəsim deyib:  "Babək çox zirək, möhkəm iradəli və müharibə işlərində misilsiz şəxs idi. İnadkar, təhlükəli adam olmasaydı onu əhv edib, xidmətlərindən faydalanmaq olardı". 

Babəkin qətli haqqında ərəb tarixçiləri belə yazırlar:

"Qətl günü cəlladlar onu Möhtəsimin hüzuruna aparanda gözünü qırpmadı, rəngi qaçmadı. Möhtəsimin əmri ilə əli kəsiləndə ondan soruşdular: "Öldürürdün, ölmək asandırmı?!"

O, cavab verdi: Azadlıq uğrunda "ölmək nə qədər də asandır!"

Nizam əl Mülk Babəkin qətli haqqında belə deyir:

O, Möhtəsimin suallarına cavab vermədi. Möhtəsim onun əllərinin və ayaqlarının kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb, üzünə sürtdü və üz-gözünü qızartdı.

Möhtəsim onu söydü və dedi: Nə üçün belə etdin?

Cavab verdi: Üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman, üzümün rəngi solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün qorxusundan rəngim qaçıb.

39 yaşında edam edilən Babək Möhtəsimin qarşısında baş əyməyərək bu sözləri demişdir:

"Bir gün şah olmaq 40 il kölə olmaqdan yaxşıdır… Sağ qalmağım və ya ölməyim önəmli deyil; əsas odur ki, harada mən varamsa, ya xatırlanıramsa, orada mən şaham".

İbn əl-Əsirin yazdığına görə, xəlifənin əmri ilə Babəkin başı Xorasana göndərilir, başsız bədəni isə çarmıxa çəkilir. Babəkin edamı ilə Möhtəsim düşünürdü ki, Azərbaycanda ona qarşı heç kim çıxmayacaq...

Amma bu mübarizə illərlə davam edir və Hülakü xan Babəkin intiqamını ərəb xilafətindən alır...

Zaur Əliyev, dosent

Xəbər xətti