Mehdiyev bağ evində kimlərlə görüşdü, nə danışıqlar oldu?..

GÜNDƏM bölməsi

11:25 - 16 Fevral 2022

 Mehdiyev bağ evində kimlərlə görüşdü, nə danışıqlar oldu?..

Hakimiyyət institutsional olaraq niyə susur?

Çıxsınlar, birdəfələk ölkədə son 30 ildə baş verən hadisələrə aydınlıq gətirsinlər, hətta bəzi səhvlərə görə üzr də istəsinlər, desinlər ki, daxili siyasəti Ramiz Mehdiyevə tapşırmışdıq (O, 1995-2019-cu illər arası ən yüksək vəzifədə olub, çavuşuları general, qələmi tanınmayanları media kapitanları, siyasəti qanmayanları partiya liderləri, funksionarləri edib, mənasız kiçik məmurları oliqarxlara çevirib), o da hüquq-mühafizə orqanları ilə birlikdə siyasəti dizayn edirdi, bəzilərini “müxalifət naziri” təyin edirdi: 2000-ci ildə Müsavat Partiyasının halal udduğu proporsional seçkidə Ramiz müəllim necə işə əl qoydu, bağ evində kimlərlə görüşdü, nə anlaşdı, Müsavat Partiyasının haqqı necə tapdalandı, proporsional seçkidə barajı belə keçə bilməyən AXCP, onun sədri necə 5 nəfərlə parlamentə düşdü?! Sonra danışıqları o “bağ müxalifəti” harada pozdu, aralarında nə olub-bitdi, nədən "bağ müxalifəti" ölkədə passionar elektroratın ləğv edilməsi, zəiflədilməsi işini öz üzərinə götürdü?! 2005-ci il seçkilərində nə baş verdi?!

İzah etsinlər ki, nədən minlərlə insanı, potensial etirazçı kütləni ölkədən çıxartmaq qərarı alındı, kiminlə bu haqda anlaşmışdılar?! Açıqlasınlar ki, seçkilərin illərdir boykot edilməsi qərarlarının arxasında kim dururdu?!

2013-də nə baş verdi, niyə Rusiya burada siyasi oyun qurmağa çalışdı, hansı yollarla təsir etdi, nədən “Milyarderlər İttifaqı” və “şuralar” yolu ilə ölkədə oyun çıxartdı?! Nədən məhz 2013-dən sonra ölkədə kütləvi repressiyalar, həbslər başlandı?! Niyə bəziləri öz radikal müxalifət imicini qorumaq üçün zaman-zaman gənclərin həbs olunmasına, işgəncə görməsinə razı oldu?! Kim bu işi dizayn etmişdi?! Prezidentin özü nədən hər çıxışında AXCP-nin PR Meneceri rolunda olub onları önə çəkib reklam edirdi?!

Artıq yetər, bu iyrənc sistemin kodları çözülməli, ölkədə sağlam siyasi təməllər yaradılmalı, Ramiz Mehdiyev erası qapadılaraq özü ilə birlikdə siyasətin arxivinə öz qulbeçələrini də aparmalıdır. Bu işin əsas sözcüsü isə İlham Əliyev olmalıdır, son zamanlar yüksək olan və hələ də yüksək qalan reytinqindən siyasətin sağlamlaşdırılması üçün istifadə etməlidir. Bu mənasız, gələcəyi olmayan sistemi ayaqda saxlayan “köhnə iqtidar- əski müxalifət” oyunlarına son qoyulmalıdır!

Müxalifət dövlətin əsas institutlarından biri olmalıdır, dövlətin varolma, ayaqda qalma səbəblərindən biri məhz müxalifət institutudur. Güclü dövlət, məhz güclü müxalifətlə mümkün olur, müxalifətsiz dövlət güclü olmur, Türkmənistan, Şimali Koreya, Körfəz ölkələri güclü deyil, əksinə, zəif, ürkək, başqalarından asılı ölkələrdir - ona görə ki, müxalifəti yoxdur. İnstitutlaşmış müxalifət gələcəyimizin zəmanəti, ölkədə sağlam təməllərin yaradılmasının əsas atributu olmalıdır.

Mən, şəxsən, elə bir sistem istəyirəm ki, sabah YAP müxalif partiya, İlham Əliyev isə müxalifətin lideri ola bilsin, bu rolda da fəaliyyət göstərə bilsinlər. Ölkədə “bolşevizm” erası bitməli, rəqabətli siyasi, dayanıqlı iqtisadi, ədalətli hüquqi sistem yaranmalıdır! Bunun üçün isə yeni Konstitutsiya yazılıb qəbul edilməli, sistem dəyişikliyinə gedilməlidir! Dövlətin varolması, güclənməsi yolu məhz bu addımlardan keçir!

Natiq Cəfərli,

ReAL İH üzvü

Xəbər xətti


Digər xəbərlər