Azərbaycanlı gənc robot düzəltdi

İKT bölməsi

13:14 - 3 Fevral 2023

 Azərbaycanlı gənc robot düzəltdi

Ölkəmizdə istedadlı və bacarıqlı gənclər, yeniyetmələr çoxdur. Tovuzun Bozalqanlı kənd orta məktəbinin 9-cu sinif şagirdi Mirhəşim Məmmədli də belə yeniyetmələrdən biridir. O, həm rubik kubunu əl ilə tez yığmağı bacarır, həm də onu yığan robot düzəldib.

Yenipress.az Azərtac-a istinadən xəbər verir ki, Mirhəşim istedadlı olması ilə yanaşı, bacarığı ilə də seçilir. O, hələ uşaq yaşlarından texnika və müasir texnoloji avadanlıqlara böyük maraq göstərib. İndi məktəbli yoldaşları ilə məktəbdə yeni yaradılan STEAM mərkəzinin imkanlarından istifadə etməyə çalışır.

Mirhəşim rubik kublarını 2 dəqiqə ərzində yığmağı bacarır. Lakin o, bununla kifayətlənməyərək yenilik etmək qərarına gəlib. Belə ki, mərkəzin texniki imkanlarından istifadə edərək rubik kubu yığan robot düzəldib. Bu robot rubiki cəmi bir neçə dəqiqə ərzində yığır.

“Əvvəlcə kubu əl ilə yığmağa başladım. Sonradan robot düzəltmək istədim. STEAM mərkəzinə gəldim. Burada “lego spayk” dəstini düzəltdim. Çox əziyyət çəksəm də, sonda istədiyim nəticəni ala bildim. Robot rubiki təxminən 3 dəqiqə ərzində yığır, lakin təkmilləşdirmə aparsam, bu vaxtı daha da qısalda bilərəm”, - deyə Mirhəşim Məmmədli bildirib.

O, rubik kubunu yığan robot qurğunu internetdə görüb, lakin özü onu sıfırdan yığmaq qərarına gəlib.

Bacarığı ilə seçilən Mirhəşim dərslərini də yaxşı oxuyur. Dərsdən əlavə vaxtlarında musiqi, üzgüçülük və basketbolla maraqlanır. Deyir ki, Səlcuk Bayraqdar kimi o da ölkəmizə faydalı texnoloji yeniliklər gətirmək istəyir.

Yeniyetmələr üçün artıq bölgədə müasir texnoloji imkanların əlçatan olması onların bacarıqlarının üzə çıxmasına böyük təkan verir. Belə ki, STEAM mərkəzinin imkanlarından rayonun orta və peşə məktəblərinin, həmçinin qonşu rayonların məktəbliləri də istifadə edə bilər.

“Sentyabr ayından etibarən işə başladıq. Bozalqanlı kəndinin orta məktəbinin şagirdləri də burada dərslərdə iştirak edirlər. Dərslərdən əlavə olaraq həm bu məktəbin, həm digər məktəblərin, həmçinin başqa rayonların şagirdləri gəlib yarışlara qatıla bilərlər. Bizdə yerli və beynəlxalq STEAM festivalları təşkil olunur. Şagirdlər burada layihələrini icra edə bilərlər. Daha sonra onlar arasında seçim aparılır”, - deyə Tovuz STEAM mərkəzinin koordinatoru Günel Hacıyeva bildirib.

Dekabrda “Beynəlxalq STEAM Azərbaycan” festivalına Tovuzdan da çoxsayda şagird qatılıb, medallarla qazananlar olub. Bu da deməyə əsas verir ki, artıq rayonda bu sahəyə Mirhəşim kimi bir çox şagird maraq göstərir və həmin gənclər gələcəkdə yeni-yeni layihələrə imza atacaqlar.

Xəbər xətti