Şəhidimiz Qazaxıstanda anıldı

GÜNDƏM bölməsi

23:00 - 27 Yanvar 2023

 Şəhidimiz Qazaxıstanda anıldı

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində baş vermiş terror aktı ilə əlaqədar Türkiyənin Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin və əməkdaşları, azərbaycanlı iş adamları, diaspora fəalları, qazax ictimaiyyətinin üzvləri və azərbaycanlı gənclər Baş konsulluğa gələrək, xain terror hücumu nəticəsində şəhid olmuş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı vermiş, terror hadisəsini qəti qınayaraq bu terror aktının arxasında olanların cəzalandırılmasını tələb ediblər.

Bu barədə Yenipress.az-a Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan konsulluğundan məlumat verilib.

Məlumata görə, Türkiyənin Baş konsulu Sabri Alptekin terror hadisəsinin Türkiyə dövləti tərəfindən şiddətlə qınanıldığını bildirmiş, şəhid olmuş Orxan Əsgərova rəhmət, yaralananlara Allahdan şəfa diləmiş və Azərbaycan dövlətinin daim yanında olduqlarını qeyd etmişdir:

“Bu hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Xarici İşlər Naziri Mövlüt Çavuşoğlunun və digər rəsmilər Prezident İlham Əliyevə, eləcə də xarici işlər naziri Ceyhun Bayrama zəng edərək, kədərimizə şərik olduqlarını bildirib və terroru dəstəkləyənlər tarixin heç bir dövründə çirkin məqsədlərinə çatmayacaqlarını qeyd edərək, qardaş Azərbaycanın yalnız olmadığını və bundan sonra da hər zaman yanlarında olacaqlarını vurğulayıb. Sonra Türkiyə Respublikasının diplomatlarına qarşı törədilən terror hadisələri barədə məlumat verərək, Azərbaycan Respublikasının regionda və dünyada iqtisadi-hərbi qüdrəti ilə söz sahibinə çevrilməsinin kənar qüvvələr tərəfindən qəbul edilmədiyini qeyd edib. Bu səbəbdən də, bu cür xain terror hadisələrini törətməklə iç üzlərini göstərməyə çalışdıqlarını bildirib.

Daha sonra “Qazaxıstan-Azərbaycan Dostluq” cəmiyyətinin sədri Şəmsəddin Hüseynov və professor Zakir Əkbərov çıxış edərək terror hadisəsini pisləyib, şəhid olan Orxan Əsgərova Allahdan rəhmət diləyərək, bu hadisənin təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına qarşı törədildiyini bildiriblər.

Sonda Baş konsulun vəzifəsini icra edən Elçin Məmmədov qonağlara dərdimizə şərik olaraq Baş konsulluğa gəldikləri üçün təşəkkürünü bildirib və Türkiyənin Baş konsulu cənab Sabri Alptekinin dərhal konsulluğa gələrək ölkəmizə baş sağlığı verməsinin dostluq və qardaşlığın, “iki dövlət bir millət” ifadəsinin sözdə deyil, əməldə olmasının bariz nümunəsi olduğunun bir daha sübut etdiyini vurğulayıb.

Eyni zamanada Baş konsulluğun inzibati binasının müvafiq radiuslar üzrə gücləndirilməsi məqsədilə, Mangistau vilayətinin akimliyinə və polis idarəsinə müraciət olunub. Nəticədə polis postlarında mühafizə əməkdaşlarının sayı artırılıb və təhlükəsizlik ciddi nəzarətə götürülüb”.

Xəbər xətti