Rəsmi qəzet Talıbovların zülmünü repressiya dövrünə bənzətdi

TOPLUM bölməsi

11:14 - 27 Yanvar 2023

 Rəsmi qəzet Talıbovların zülmünü repressiya dövrünə bənzətdi

Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti “Şərq qapısı”nda Ali Məclisin keçmiş sədri Vasif Talıbovun rəhbərliyi dövrünü sərt tənqid edən yazı dərc edilib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Haqq nazilər, amma üzülməz” başlıqlı yazıda pandemiya dövründə sahibkarlar üçün ayrılan vəsaitlərin onların əlindən zorla alındığı bildirilib.

Qəzetin 27 yanvar nömrəsində Ramiyyə Əkbərova imzası ilə çap edilən yazıda Naxçıvanda fəaliyyət göstərən sahibkarların Vasif Talıbovun dövründə, xüsusilə pandemiya vaxtı hədələnməsi qeyd edilib: “Məsələn, Naxçıvan şəhərində kiçik bir mağazada dərzilik edən Vüqar İsmayılov deyir ki, 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan edildiyi üçün işə çıxa bilməyib: “Prezidentimiz həmişəki kimi insanların qeydinə qalmış, müvəqqəti işləyə bilməyən sahibkarlara maddi yardım verilməsi haqqında Sərəncam imzalamışdı. Həmin maddi yardımı almaq üçün banklara üz tutanda bizdən bu məbləğin Naxçıvanda yeni yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü verməyimiz barədə ərizəni imzalamağımızı tələb etdilər. Mən də bundan imtina etdim. Lakin sabahı gün Naxçıvan Şəhər Vergi İdarəsinin adını bilmədiyim bir neçə işçisi işlədiyim dərzi sexinə gələrək həmin sənədə qol çəkməyəcəyim təqdirdə iş yerimi bağlayacaqlarını bildirdi. Məcbur qalıb 300 manata yaxın maddi yardımdan imtina edib, onu fonda bağışlamağım haqqında sənədə qol çəkdim”.

Məqalədə bildirilib ki, sahibkarlar təhdid olunduğu üçün heç kimə şikayət edə bilməyib: “Sözün açığı, kimdən kimə şikayət edərdik? Artıq bir aydır ki, cənab Prezidentin rəhbərliyi ilə muxtar respublikamızda həyata keçirilən islahatlar, insanların hüquqlarının bərpa olunması, problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər bir daha deməyə əsas verir ki, haqq-ədalət gec də olsa, öz yerini tapır. Biz də məhz bu fikrə əsaslanaraq Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsinə qarşılaşdığımız problemlə bağlı müraciət etmişik, ümid edirik ki, nəticəsini tezliklə görəcəyik”.

Qəzetə açıqlama verən qadın gözəllik ustası olan Fəxriyyə Novruzova da eyni problemlə qarşılaşdığını deyib.

“Şərq qapısı” qəzeti daha sonra yazır: “İki şəxsin dilə gətirdiyi bu oyunlar həmin günlərdə çox sahibkarın başına gətirilib. Amma heç kim səsini çıxara bilməyib. Çünki kimsə özü ilə bərabər, ailəsinə də problem yaranmasını istəməyib. Sanki repressiya illərindəki kimi bir ailənin bir üzvü başına gələn problemi dövlət başçısına çatdırmaq istəyəndə həmin evin bütün üzvləri “vurulurdu”. Bəli, biz naxçıvanlılar əsrlərboyu bir çox çətinliklərə sinə gərmişik, düşmənə, aclığa baş əyməmişik, amma təəssüflər olsun ki, bir çox istismarlara dözməli olmuşuq. Nəhayət, uzun illərdən sonra ədalətin zəfər çalmasını öz gözlərimizlə görüb, dövlətə daha yüksək etimadla, nikbin ruhla yaşayıb-yaratmağa həvəslənmişik”.

Xəbər xətti