Azərbaycan əhalisi belə farslaşdırılır

SİYASƏT bölməsi

11:25 - 26 Yanvar 2023

 Azərbaycan əhalisi belə farslaşdırılır

İranda qeyri-fars əhalinin üstünlük təşkil etdiyi yerlərdə, xüsusilə Cənubi Azərbaycan əyalətləri və ərəblərin məskunlaşdığı Eyvaz və ətraf regionlarda mərkəzi hökumət qəsdən yatırımlar etmir, yeni investisiyalar qoymur, istehsal müəssisələri açmır. Təbii resurslarla bağlı məcbur açılan müəssisələrdə də yerli əhali adətən işə götürülmür. Bunun nəticəsində işsiz qalan yerli əhali mərkəzi fars vilayətlərinə, ən ucuz işçi qüvvəsi kimi fərqli sahələrdə işləməyə gedir. Nəticədə isə Azərbaycan əhalisinin farslaşdırılması həyata keçirilir.

Yenipress.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında politoloq Turab Rzayev söyləyib.

O qeyd edib ki, azərbaycanlıların yerinə mərkəzi vilayətlərdən fars mənşəli işçilər gətirilir. Eyni ssenari, azərbaycanlılara, həmçinin Əhvazda ərəblərə və Şirazda Qaşqay türklərinə qarşı da tətbiq edilir. Nəticədə Cənubi Azərbaycan əhalisi kütləvi şəkildə Tehran, Ərak mərkəzi əyalətlərinə, İsfahan, Kerman, Məşhəd kimi fars bölgələrinə köçürlər.

“Son 100 ilin statistikasına baxsaq, Təbriz əhali sayına görə 1-ci yerdən 4-cü yerə düşüb. Əhali sayına görə Məşhəd və İsfahan Təbrizi keçib. Tehran, Qram mərkəzi əyalətlərinin əhalisinin 60-70 faizini azərbaycanlılar təşkil edir. Azərbaycan həmişə tarixən İranın əsas sənaye mərkəzi olub. İndi isə bütün sənaye mərkəzi fars vilayətlərində cəmləşib. Mədənlərdən filizlər və digər süxurlar işlənmək üçün mərkəzə aparılır. Cənubi Azərbaycanın payına düşən yatırımlar isə yerinə yetirilmir”, - deyə politoloq vurğulayıb.

Turab Rzayev əlavə edib ki, Şərqi Azərbaycan (İran) sənaye, dağ-mədən sənayesi və ticarət təşkilatının sədri Sabir Parnian Tehran və Kerman rəhbərliyini Azərbaycanın ən böyük mədəninin – Süngün talan edilməsində ittiham edib. Qanuna görə, faydalı qazıntıların hasilatından əldə edilən gəlirin 15 faizi mədənlərin yerləşdiyi şəhərdə xərclənməlidir. Ancaq İran rəhbərliyi bunun üçün bütün şəraitin olmasına baxmayaraq, Şərqi Azərbaycanın özündə mis külçələri istehsal etməyə icazə vermir. Onun torpağı xammal şəklində Kerman və Tehran şəhərlərinə aparılır, orada külçələrə çevrilir. Müvafiq olaraq, bütün gəlir mərkəzi İranın fars vilayətlərinin büdcəsinə gedir. Şərqi Azərbaycan isə getdikcə yoxsullaşır. Süngün mis mədəni illik 24 milyard tümən gəlir gətirir (təxminən 6 milyard dollar), ancaq bu gəlirdən Şərqi Azərbaycana bir rial da vəsait çatmır.

Xəbər xətti